Əli Rza Xələfli

İnana bilmirəm, şair təbiətən sərt ola, bir insan kimi qəddar ola, amma insanlığın son həddinəcən hissiyyatında, poetik duyğularında kövrəkliyini qoruyub saxlaya bilər. Hətta bəzən biz insanları tanıya bilmirik. Amma zən- nimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən dəyərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elədiyi misralarda öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy göstərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, yurda, torpağa, təbiətə daha çox oxşayır. Ümumiyyətlə, bu, o demək deyil ki, insan düzəndə “bitəndə”, yaxud dağda “göyərəndə” yaxşıdır, ya pisdir. Biz insanın təbiətindəki nadir cizgiləri mənsub olduğu yerin, geniş mənada, nəslin,  kökün,  soyun  təbiətinə  uyğun  görmək  üçün  onun  mühitindəki  – əlbəttə, mənəvi mühitindəki “dağlığın”“düzənliyin” mahiyyətinə varmağı bacarmalıyıq. Əgər insan bütün duyğuları ilə sözündə, nəslin, soyun səsi- ni eşidə bilirsə və bu səsi öz sözü ilə qaytarıb cəmiyyətə verə bilirsə, demək, o, öz kökü üstündə göyərib. Bu mənada, Hamletin, əlbəttə, bəşərin mənəvi tarixindəki Hamletin olum və ölüm klassik sualının XXI əsrdə təzahürünü bizim Hamletin səsində ancaq bu cür dinləmək olar:

Son günü məni istəmiş – Eşidəndə içim yandı.  Nənə-nəvə görüşmədi  Bir daha fürsət düşmədi  Arada divar dayandı.

Əlbəttə, söhbət şairdən gedir. H.İsaxanlı imkanına güvənib dəbin qur- banı olan şair deyil. Bütün varlığı ilə yaşadığı ağrıları az-az, yəqin ki, qarşı- sında dayana bilmədiyi məqamlarda dilinə gətirə bilmədiyi şairdir. O, sözün övladıdır, elmin övladı olmaqdan əvvəl. Bu dünyanın maddi təminatlarının övladı olmaqdan əvvəl yazısının, kövrək duyğularının tarixi nə zamandan başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır. Elə bilirəm ki, nənə son anında nəvəni – Hamleti görməyi elə buna görə istəmişdi. Sözdən üstün insanın başqa hansı ünvanı var?

Bu dünyanın bizdən əvvəl hörülməkdə olan, qurulmaqda olan mənəviy- yat sarayına biz ancaq səmimiyyət kərpicləri gətirə bilərik.

…Hamlet İsaxanlı hər sözü ilə, hər misrası ilə, auditoriya qarşısındakı çıxışları ilə, cəmiyyət içərisindəki görüşləri ilə bu dünyaya ancaq səmimiy- yət gətirdiyini təsdiq edən ziyalıdır.

…Görəsən, səmimiyyətdən üstün daha bu dünyaya nə gətirmək olardı?

* * *

Əgər şair ömrü boyu – bəlkə də, yaradıcılığı boyu desəydik daha düzgün

olardı – bircə obraz yaradıb və həmin obrazın mənəvi təlatümlərinin qabağında dayana bilirsə, o təlatümlərin arzuladığı, istədiyi duyğuları ömrü ilə, həyatı ilə əvəzləyə bilirsə, yəni həmin hissləri və duyğuları ona doğru istək açan bütün canlı aləmə və insanlara xüsusi bir istəklə verə bilirsə, əsirgəmirsə, bu yöndə ruhunun, mənəvi dünyasının qapısını səxavətlə aça bilirsə, de- mək, o, şair ömrü yaşayıb. Və yalnız bundan sonra demək olar; o, insan öm- rü yaşayıb. İstər təbiətlə qarşılaşmada, istərsə də insanlarla üzləşmədə onun alnı açıq olacaq. Nə qədər təsirlidir “Dənizdə bir quş” şeiri:

İstanbul boğaz içi
Tüğyan edir dalğalar.  Dayan, bir an, gəmiçi  Dənizdə bir quş ağlar.

Burada şairin, daha dəqiq desək, müəllifin mənəvi dünyasındakı təlatümlərin mahiyyətini axıracan dərk etmək, duymaq üçün yalnız misraların arasında bir-iki sözün yerini dəyişmək lazımdır. Yerini dəyişmək yox, daha dəqiqi, dənizdə ağlayan quşun əvəzinə, cəmiyyətin içində arzularını göyərdə bilməyən bütün mənəvi dünyasında yaşayan enerjisini, gücünü insanlara sərf edə bilməyən, bir sözlə, gəldiyi həyatın mahiyyətinə uyğun bütün gücü ilə görünə bilməyən insanın daxili-mənəvi təlatümlərinin qarşısında dayanı- rıq. Bəli, həmin ağlayan quşu Vətəndə, ya qürbətdə, uzaqda, ya yaxında ol- mağından asılı olmayaraq, arzularını göyərdə bilməyən insan kimi təsəvvür etmək bəs edərdi müəllifi başa düşmək üçün….Bəlkə, elə bu cür düşüncələri axıracan aparaq və o müəllifin adını çəkməyək. Hətta, belə bir ədalətsizlik eləsəydik də kimlərsə, həmin misraları oxuyan kimi deyəcəkdi ki, o, Hamlet İsaxanlıdır.

Biz hamımız bir gəminin sərnişinləriyik. Vaxtilə böyük sənətkarımız Bəxtiyar Vahabzadə də belə deyirdi. Bizim mahnılarımızın birində də “Gəmini sür gəmiçi qardaş, Gün oldu yarı” deyilir. Amma H.İsaxanlı “Dayan, bir an, gəmiçi” – deyə müraciət edir. Bəlkə, bu gəmidən bir qalan var, bəlkə, elə o gəmidən qalan quşun ağlamağında bir məqsəd var. Bəlkə, elə onun bircə arzusu bəs eləyəcək bu dünyanın üzündən müharibələrin, qanların, qadaların kökü kəsilsin. Hamlet İsaxanlı bütövlük kompleksi olan ziyalıdır. Kifayət qədər tanınmış riyaziyyatçı alim, tələbələri tərəfindən sevilən pedaqoq, auditoriyada dinləyicilərinin maraqla qulaq asdığı natiq, ədəbiyyat aləminin kövrək duyğulu bir şairi kimi tanınır. Onun həyatının mənası dünyaya gözəllik gətirmək istəyinə bağlıdır. Özünün özünə verdiyi “Bu dünyaya nə gətirdim?” sualının cavabı da elə bu istəklə üst-üstə düşür.

Biz fenomenləri bir çox hallarda qeyri-insani formada təsəvvür edirik. Amma unuduruq. Fenomenlər çox vaxt elə bizim əhatəmizdə olur. Son nə- fəsdə nənənin arzuladığı nəvə dünyanın sinəsində əbədiyaşarılıq gücündə olan həyat ağacını bitirəndir.

…Həyat  ağacı.  Öncə  insanların  ruhi-mənəvi  aləmində  göyərməlidir. Söhbət  Xəzər  Universitetinin  rektoru,  dünyaşöhrətli riyaziyyatçı  alim  və kövrək duyğular şairi Hamlet İsaxanlıdan gedir.

…O, dünyanı sevir və bu dünyanın içərisində Vətənini sevir, dilini sevir, doğmalarını sevir, tələbələrini sevir…

 

Ədəbiyyat:

Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009