2023-cü il noyabrın 6-da Xəzər Universitetinin Mərmər salonunda Humanitar, təhsil və sosial elmlər fakültəsinin müəllimi Pərvin Kərimovanın və tələbələrin təşkilatçılığı ilə Zəfər bayramına həsr olunmuş musiqili ədəbi-bədii tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və tələbələr, şəhid valideynləri və övladları, qazilər, digər qonaqlar iştirak edirdilər.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin müəllimi Məhsəti Cabbarovanın dirijorluğu ilə tələbələrin xor qrupu tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxış edərək, Azərbaycanın müstəqillik tarixində, ölkənin və xalqın həyatında Zəfər Bayramının xüsusi əhəmiyyətindən bəhs etdi. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova çıxışında Vətən müharibəsinin ilk günlərindən universitetdə Orduya yardım fondunun fəaliyyətə başlamasından və və böyük ruh yüksəkliyi ilə Qələbə gününədək davam etməsindən danışdı.

Şəhid Rafael Hüseynovun atası Teymur Hüseynovun, şəhid Fuad Məmmədovun anası Mətanət Məmmədovanın və şəhid Əlizamin İsgəndərovun qızı – universitetin tələbəsi Mələkxanım İsgəndərlinin çıxışları dərin hüznlə yanaşı, böyük qürur hissi ilə qarşılandı. Şəhidlərin hər biri haqqında videoçarx, tələbələrin ifasında bədii kompozisiya nümayiş olundu.

Tədbirdə tələbələr Vətən müharibəsi və Qələbəyə həsr olunmuş şeirlər söylədilər. Tələbə Mustafa Xəlilov “Mən ölüm, yaşasın Vətənim mənim” adlı öz şeirini oxudu.

Tədbir boyu musiqi proqramı təqdim olundu. Universitetin qızlardan ibarət rəqs qrupu “Sarı gəlin” və milli rəqslər, tələbə Yəmən Əliyeva “Xudayar təsnifi”ni, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Rəvan Hüseynzadə “Azərbaycan-anaların anası” mahnısını ifa etdilər.

Tədbir tələbələr tərəfindən Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılması və alqışlarla başa çatdı.

khazar.org