2023-cü il noyabrın 3-də Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departmenti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Böyük Zəfərin 3-cü ildönümü: post-münaqişə dövrünün çağırış və imkanları” mövzusunda simpozium təşkil etmişdir.
Simpozium Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyevin açılış nitqi ilə başlamışdır.
İki paneldən ibarət simpoziumun 1-ci paneli “Münaqişədən sonrakı dövrdə Azərbaycanın xarici siyasətinin gələcəyi” başlığı ilə keçmişdir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin departament müdiri Dr. Vasif Hüseynovun moderatoru olduğu bu paneldə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar Departamentinin müdiri Mahur Qasımov, ADA Universitetinin professoru Damjan Krnjevic Miskovic və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İdarə heyətinin sədri Dr. Araz Aslanlı çıxış etmişlər.
Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyevin moderatorluğu ilə keçən 2-ci paneldə məruzəçilərin “Cənubi Qafqaz və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması” mövzusu ətrafında çıxışları olmuşdur. Utah Universitetinin (ABŞ) professoru Hakan Yavuz, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin qonaq tədqiqatçısı Dinea Mark Andrei və Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Fuad Qıraqov çıxış etmişlər.
Panellərdən sonra simpozium Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilovanın bağlanış nitqi və çıxışçılara hədiyyə təqdim edilməsi ilə başa çatmışdır.