2023-cü il oktyabrın 27-də Türkiyənin TRT kanalı və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə universitetin Mərmər salonunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 ildə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə tarixi baxış” adlı konfrans keçirildi. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi, əməkdaşlar və tələbələr, ölkənin tarixçi alim və mütəxəssisləri, Türkiyənin Azərbaycandakı səfirliyinin rəhbərliyi, TRT əməkdaşları iştirak edirdilər.

Konfrans Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin ifası ilə başlandı. Sonra iştirakçılara universitetin vokal müəllimi müğənni Məhsəti Cabbarova və aşıq musiqisi müəllimi aşıq Ramin Karayevin iştirakı ilə kiçik konsert proqramı təqdim olundu.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos. Dr. Cahit Bağcı geniş çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlığının hər bir dövrdə tarixi şəraitə uyğun mövcud olduğunu, nəhayət bir millət timsalında bərqərar olduğunu söylədi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı çıxışında bu qardaşlığın yüz ildən əvvəlki dövrlərdə də sarsılmazlığından danışdı və çıxışını bu sözlərlə bitirdi: dünya xalqları arasında ikinci belə bir qardaşlıq nümunəsi olmamışdır və yoxdur.”

Tarix və arxeologiya departamentinin koordinatoru Dr. Söhrab Mustafayevin aparıcılığı ilə keçən birinci hissədən sonra tədbir departamentin müdiri Dr.Telman Nüsrətoğlunun moderatorluğu ilə davam etdi. AZTV-nin “Əsas məsələ” proqramının aparıcılarından biri Elnar Məmmədli, Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu, Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı və Tarix və arxeologiya departamentinin koordinatoru Dr. Söhrab Mustafayevin konfrans mövzusuna aid məruzələri dinlənildi.

Müzakirələr aparılması və sualların cavablandırılması ilə konfrans başa çatdı.

khazar.org