29 iyun-4 iyul 

Xəzər Universitetinin alimləri Üçüncü Sivilizasiyalararası Dialoq Konfransı və Birinci Dünya Çinşünaslar Konfransında iştirak etmişlər

 

Çinin Pekin və Çinqdao şəhərlərində Üçüncü Sivilizasiyalararası Dialoq Konfransı və Birinci Dünya Çinşünaslar Konfransı keçirilmişdir. Beynəlxalq tədbirə 71 ölkədən yüzdən çox alim qatılmışdır. Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, eləcə də Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev elmi məruzə ilə çıxış etmişlər.

Hamlet İsaxanlı Azərbaycan və Yaxın Şərq ədəbiyyatında Çin motivləri haqqında araşdırmasını iştirakçıların diqqətinə çatdırmışdır. Qədim ədəbiyyatımızda Çin motivlərinin özünü geniş şəkildə büruzə verməsi Azərbaycan-Çin mədəni əlaqələrinin qədimliyindən xəbər verdiyi alimlərin diqqətinə çatdırılmışdır. Aqşin Əliyev Mədəniyyətlərarası tərcümə mübadiləsi fonunda Azərbaycan-Çin tərcümə əməkdaşlığının mövcud vəziyyəti, çağırışları və gözləntiləri barədə məruzə ilə çıxış etmişdir.

Çinin Çinqdao şəhərində Dünya Çinşünaslıq Mərkəzində keçirilən konfransda yüzə yaxın elmi mühazirə dinlənilmiş, müxtəlif ölkələrin alimləri arasında elmi-mədəni əlaqələrin dərinləşməsi yönündə fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

khazar.org