2023-cü il iyunun 14-də Xəzər Universitetinin Buzovnadakı Konfrans-İstirahət Mərkəzinin iclas salonunda universitetin rəhbərliyi, fakültə dekanları, departament müdirləri və digər qurumların təmsilçilərinin iştirakı ilə geniş müşavirə keçirildi. Gündəlikdə Xəzər Universitetinin bütün sahələr üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələsi dururdu. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı geniş məruzə ilə çıxış edərək, bütün qurumların fəaliyyətini təhlil etdi, nöqsanları aydınlaşdırdı və qarşıya yeni vəzifələr qoydu.
Əsas sahələrdən biri kimi diqqət təhsil ocağının eyni zamanda elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərməsi zərurətinə yönəldildi. Departamentlərin fəaliyyətinə, aparılan elmi tədqiqat işlərinin həcminə və səviyyəsinə, bunun nəticəsi kimi nüfuzlu jurnallarda məqalələrin dərci məsələsinə nəzər salındı və nöqsanlar göstərildi.
Departament müdirləri Fəridə Tatardar (Fizika və elektronika), Rasim Bayramlı (İnşaat mühəndisliyi), Elşən Abdullayev (Neft mühəndisliyi), Cabir Xəlilov (Hüquq), Milana Abbasova (İngilis dili və ədəbiyyatı), Fərid Quliyev (Siyasi elmlər və fəlsəfə), Telman Quliyev (Tarix və arxeologiya), Şəhla Abbasova (Memarlıq və dizayn) və digərləri çıxış edərək, işi təkmilləşdirmək üçün həyata keçirəcəkləri konkret tədbirlər haqqında məlumat verdilər.
Məruzəçi H.İsaxanlı universitetdəki mərkəz və institutların işində pərakəndəliyin, bəzən qeyri-müəyyənliyin olduğuna toxunaraq, bu sahədə qayda yaratmaq haqqında tapşırıqlarını verdi. Şuranın sədri universitetin əvvəllər mövcud olmuş diplomlarının bərpası ilə əlaqədar tövsiyələrini bildirdi, universitetin sosial şəbəkələrdə iştirakını artırmağın zəruriliyini qeyd etdi.
Rektorluğun fəaliyyətinə toxunan məruzəçi planlaşdırma, icra və hesabat işində, idarəetmədə çatışmazlıqların olduğunu söylədi və tövsiyələrini bildirdi.
Müşavirədə bir sıra digər məsələlər də diqqətə çatdırıldı.
Universitetin rektoru İradə Xəlilova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İnkişafın Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova və digərləri müzakirə olunan məsələlər ətrafında fikirlərini bildirdilər.
H.İsaxanlı sonda universitet kollektivinin öz fəaliyyətini təkmilləşdirəcəyinə əminliyini bildirdi.