2023-cü il iyunun 12-də Xəzər Universitetinin Mərkəz kampusunda ənənəvi “Elm və Sənət Məclisi”nin 78-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı açaraq, Türkiyədən dəvət edilmiş İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının professoru Mehmet Ölmez və onun elmi fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, professor Mehmet Ölmez 3 gün ərzində Xəzər Universitetinin qonağı olacaq və müxtəlif mövzularda üç məşğələ keçirəcək. Onun bugünkü mövzusu “Hun – Göytürk dövrü türkcə abidələr və əsas tədqiqatlar”dır.
Professor Mehmet Ölmez bu mövzu ilə əlaqədar apardığı elmi araşdırmalar haqqında məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında müzakirələr davam etdirildi. Müzakirələrdə Hamlet İsaxanlı, Elza Səmədova (Xəzər Universiteti), Zəminə Rüstəmbəyli (Avrasiya Universiteti), Taleh Cəfərov (ADPU), Şahin Fazil (AMEA-nın Tarix İnstitutu), İmamverdi Əmirov (AMEA-nın Ədəbiyyat İnstitutu), Aybəniz Rəhimova (AMEA-nın Əlyazmalar İnstitutu), Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), Qətibə Vaqifqızı (AMEA-nın Dilçilik İnstitutu), Firdovsiyyə Əhmədova (Dövlət İdarəçilik Akademiyası), Bayram Quliyev (Xəzər Universiteti), Elnarə Vəliyeva (ADU) və digər şəxslər çıxış etdilər.
Sonda Hamlet İsaxanlı maraqlı məruzəyə görə Mehmet Ölmeze və iştirakçılara dərin təşəkkürünü bildirdi.