Professor, akademik Hamlet İsaxanlının müəllifi olduğu “Geographical Space and Historical Time Layers in Nizami Ganjavi’s Works” (“Nizami Gəncəvinin əsərlərində coğrafi məkan və tarixi zaman qatları”) adlı fəsil farsdilli ədəbiyyata aid ikicildli “Routledge Handbook of Ancient, Classical and Late Classical Persian Literature” (Routledge Qədim, Klassik və Son Klassik Fars Ədəbiyyatı Kitabı”) adlı kitaba daxil edilmişdir. Həmin fəsildə Nizami Gəncəvi yaradıcılığından və əsərlərindəki coğrafi məkan və zaman anlayışlarından bəhs olunur. Kitabda dünyanın müxtəlif ölkələrindən olan elm adamlarının qədim və klassik farsdilli ədəbiyyata aid yazıları yer alıb.
Kitab İngiltərədə yerləşən, dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan Routledge tərəfindən nəşr olunub. Taylor & Francis Group-a aid Routledge nəşriyyatı, əsasən, humanitar və sosial mövzularda elmi kitablar, jurnallar və onlayn resursların naşiri kimi fəaliyyət göstərir.