2023-cü il aprelin 4-də Xəzər Universitetinin Mərmər salonunda “Eko-memarlıq və dizayn perspektivləri” mövzusunda beynəlxalq konqres keçirildi.

Konqres Xəzər Universitetinin Memarlıq və dizayn departamenti, Türkiyənin İKSAD İnstitutu, Azərbaycqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, UNEC Dizayn Məktəbi və Eskişehir Osmanqazi Universiteti Memarlıq fakültəsinin birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunmuşdu.

Mərmər salonda tələbələrin və iştirakçıların əsərlərindən ibarət bədii və dizayn tematik sərgisi də nümayiş etdirilirdi.

Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı iştirakçıları salamlayaraq, konqresin mühüm və aktual məsələyə həsr olunduğunu bildirdi və işinə uğurlar arzuladı.

Xəzər Universiteti Memarlıq və dizayn departamentinin müdiri professor Şəhla Abbasova çıxış edərək, tədbirin məqsədindən danışdı. O, konqresdə Azərbaycanla yanaşı müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, Almaniya, Cənubi Afrika, İndoneziya, Pakistan, Macarıstan, Malayziya, Əlcəzair, Mərakeş və Ukraynadan məruzəçilərin iştirak etdiyini vurğuladı və bildirdi ki, bu beynəlxalq iştirak mövzunun vacibliyini və ekoloji problemlərin həlli üçün qlobal əməkdaşlığın zəruriliyini nümayiş etdirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Ekoloji Ekspertiza Agentliyindən Mirsalam Qənbərov çıxışında ekologiyanın aktual problemlərindən danışdı və bu məsələlərə hərtərəfli- sosial, iqtisadi və ekoloji amilləri nəzərə almaqla yanaşmağın vacibliyini vurğuladı.

UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova bu sahədəki təcrübəsindən söz açdı və eko-memarlıq haqqında fikirlərini bölüşdü.

TCHOBAN VOSS Architekten memarlıq firmasının direktoru və Tchoban Fondunun təsisçisi, memar Sergei Tchoban və Almaniyadan tədbirə qoşulan layihə memarı Teymur Osmanov eko-memarlıq layihələri ilə bağlı təcrübələri haqqında təqdimat keçirərək, ekoloji təmiz dizayn və tikintiyə öz innovativ yanaşmalarını nəzərə çatdırdılar.

İKSAD-ın prezidenti Dr.Mustafa Latif Emek də çıxışında memarlıq və dizayn sahəsində geniş bilik və təcrübəsini və bunun davamlı və ekoloji cəhətdən təmiz binaların yaradılması üçün necə tətbiq oluna biləcəyini iştirakçılarla bölüşdü.

“İçərişəhər” Elm-Mədəniyyət Mərkəzinin direktorunun elmi işlər üzrə müşaviri, professor Vəfa Quliyeva eko-memarlıq və davamlı dizaynı mənimsəyərkən, mədəni irsin qorunmasının vacibliyi haqqında fikirlərini bildirdi.

Türkiyədən onlayn olaraq konqresə qoşulan ESOGU-nun Bina Biliyi və İxtisaslaşma Direktoru Prof. Dr. Ayşen Öztürk eko-memarlıq sahəsində ən son yeniliklər və onun ekoloji problemlərin həllində necə istifadə oluna biləcəyi haqqında çıxış etdi.

Konqres sonra işini bölmələrdə davam etdirdi. Sonda konqres təşkilatçılarına tədbirin uğurlu təşkilinə görə təşəkkür plaketi təqdim olundu.

khazar.org