2023-cü il aprelin 7-də Xəzər Universiteti Nefçilər kampüsünun Mərmər salonunda Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri rofessor, akademik Hamlet İsaxanlının “Qarabağ və tarix” mövzusunda seminarı keçirildi.
Seminarda Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin elm və ədəbiyyat nümayəndələri iştirak edirdilər.
Departamentin dördüncü kurs tələbəsi Rəhiməxanım Ağazadənin moderatorluğu ilə keçən seminar Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyevin giriş nitqi ilə başladı. Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Himni səsləndirildi.
Hibrid formatda davam edən seminarda Yutah Universitetindən (ABŞ) Prof. Hakan Yavuz, Bayburt Universiteti (Türkiyə) Tarix bölümünün müəllimi Dos. Ramin Sadık, Qərbi Kaspi Universiteti Tarix kafedrasının müdiri Dr. Nurlan Nəsirov, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin müdir müavini Fuad Çıraqov, tarixçi Əkbər Nəcəf, yazıçı Aqşin Yenisey, İstanbul Universiteti Tarix bölümünün doktorantı Dilqəm Əhməd H. İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı haqqında fikirlərini bildirdilər.
Qonaqların kitab və mövzu ətrafındakı dəyərləndirmələrindən sonra H. İsaxanlı “Qarabağ və tarix” mövzusunda məruzə etdi, “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının yazılmasında 44 günlük Vətən müharibəsində məhtəşəm zəfərin əsas motivasiya olduğunu söylədi.
Seminar sual-cavab sessiyası ilə başa çatdı.