2023-cü il fevralın 24-də Xəzər Universitetinin Mərmər salonunda Tarix və arxeologiya departamenti və Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni: tarixi missiya və milli özünüdərk ideyası” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda universitetin rəhbərliyi və əməkdaşları, tələbələr, müxtəlif sahələrdən mütəxəssislər iştirak edirdilər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir universitetin rektoru dosent İradə Xəlilovanın çıxışı ilə açıldı. Sonra Milli Məclisin üzvü Dr. Rəşad Mahmudov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Tarix və arxeologiya departamentinin müdiri t.ü.f.d. Telman Nüsrətoğlu tədbirin ilk hissəsində çıxış etdilər.

Konfransın ikinci hissəsi elmi panellərdən ibarət idi. İlk paneldə Heydər Əliyev mərkəzinin baş mütəxəssisi Nailə Həsənova, Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri s.ü.f.d. Orxan Vəliyev, t.ü.f.d. Bayram Quliyev və f.ü.f.d. Sevinc Qəmbərova çıxış etdilər. İkinci paneldə isə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu və s.ü.f.d. Cavid Vəliyevin çıxışları dinlənildi.

Konfransda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətindən başqa onun dil, ədəbiyyat, tarix və mədəniyyət sahələrində ölkəmizə, xalqımıza, türk dünyasına qazandırdıqları da geniş şəkildə izah edildi. Tədbirdə Ümummilli Lider haqqında qısa film də nümayiş olundu. Universitetin Kitabxana İnformasiya Mərkəzi tərəfindən kitab sərgisi də təşkil edilmişdi.

khazar.org