2023-cü il yanvarın 24-də Türkiyə Böyük Millət Məclisinin Millət vəkili, Parlamentlərarası Dostluq qrupunun rəhbəri Mustafa Kendirli Kırşehir “Grand Terme“ otelinin Konfrans salonunda Xəzər Universitetinin nümayəndə heyəti ilə görüşdü.
Görüşdə Türkiyə Cumhuriyyəti Gənçlik və İdman Nazirliyi Kırşehir İl müdiri Numan Nafiz Şahin “Türkiyə-Azərbaycan Gənclik Mübadiləsi” proqramı haqqında Millət vəkilinə geniş məlumat verdi. Bir ay bundan öncə bu proqram çərçivəsində Bakı şəhərində Xəzər Universitetinin qonağı olduqlarını, Kırşehirli universitet tələbələrinin qardaş ölkədən böyük təəssürat ilə ayrıldıqlarını vurğuladı. Xəzər Universitetinin nümayəndə heyətini Kırşehirdə qonaq etməkdən böyük qürur duyduğunu bildirdi.
Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli öncə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilovanın salamlarını millət vəkilinə çatdırdı. O, Xəzər Universiteti haqqında millət vəkilinə geniş məlumat verdi.
Millət Vəkili Mustafa Kendirli Xəzər Universitetinin tələbələri ilə şəxsən tanış oldu. Onlardan proqram və Türkiyə haqqında təəssüratlarını soruşdu. Sonra o, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, Qafqaz İslam ordusunun 105 il bundan öncə Azərbaycandakı qəhrəmanlığı haqqında qonaqlara məlumat verdi. O, Bakını işğaldan azad edərkən şəhid olan 34 nəfər Kırşehirlinin xatirəsini yad etdi. İki qardaş ölkənin böyük tarixi salnamələrə imza atdığını vurğuladı. Bundan sonra da Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını vurğuladı. Millət vəkili M.Kendirli Türkiyənin məşhur saz ustası və ifaçısı Kırşehirli Neşet Ertaşın portretini Ə.Əmirbəyliyə təqdim etdi.
Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli millət vəkilinə qəbul üçün təşəkkürünü bildirdi, universitetin Şuşa plaketini və Azərbaycanın Milli Brendi olan Azərçayın hədiyyəsini ona təqdim etdi. Sonda millət vəkili ilə xatirə şəkilləri çəkildi.