2023-cü il yanvarın 24-də Kırşehir valisi Mete Xudayar Xəzər Universitetinin nümayəndə heyətini qəbul edərək, “Xəzər”li tələbələri Kırşehirdə görməkdən məmnun olduğunu bidirdi.

Vali Mete Xudayar türkmən əsilli olduğunu, 30-cu illərdə Türkiyəyə köç etdiyini, bugünədək müxtəlif dövlət vəzifələrində çalışdığını və Azərbaycanı çox sevdiyinisöylədi. O, tələbələrdən Türkiyə və Kırşehir haqqında təəssüratlarını, hansı fakültələrdə təhsil aldıqlarını soruşdu. Vali M. Xudayar 44 günlük savaş haqqında həyəcanla danışaraq, böyük ekranla virtual şəkildə Azərbaycanın xəritəsini canlandıraraq və orada Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə tanış oldu.

Türkiyə Cumhuriyyəti Gənçlik və İdman Nazirliyi Kırşehir İl müdiri Numan Nafiz Şahin “Türkiyə-Azərbaycan Gənclik Mübadiləsi” proqramı haqqında Kırşehir valisinə geniş məlumat verdi və Xəzər Universitetindən gələn nümayəndə heyətini Kırşehirdə qonaq etməkdən məmnun olduğunu bildirdi.

Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli öncə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilovanın salamlarını Kırşehir valisinə çatdırdı. O, Xəzər Universiteti haqqında Kırşehir valisi Mete Xudayara geniş məlumat verdi.

Kırşehir valisi Mete Xudayar nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyliyə və nümayəndə heyətinin üzvlərinə hədiyyələr təqdim etdi.

Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli Xəzər Universiteti adından Kırşehir valisinə universitetin Şuşa plaketini və Azərbaycanın Milli Brendi olan Azərçayın hədiyyəsini ona təqdim etdi. Sonda Kırşehir valisi ilə xatirə şəkilləri çəkildi.

khazar.org