2022-ci il dekabrın 16-da Xəzər Universiteti və Milli Erasmus+ Ofisinin birgə təşkilatçılığı ilə Erasmus+ Məlumat Gününə həsr olunmuş tədbirdə heyvanların rifahı ilə əlaqəli “Dayanıqlı İstehsal və İstehlak üçün Xoşbəxt Heyvanlar” (“Happy animals for sustainable production and consumption – HAnimSPAC)” adlı layihənin yayılması (dissemination) həyata keçirildi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilova ilə yanaşı, ölkənin müxtəlif universitetlərindən və təşkilatlarından 80-ə yaxın iştirakçı olub. Eyni zamanda, tədbirin daha böyük auditoriyaya çatdırılması üçün onlayn iştirak da təmin edilib. Azərbaycanın region unversitetləri və Qazaxıstanın ABAY Universiteti tədbirə onlayn qoşulmuşlar.

Universitetin Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi layihənin məqsədi və tərəfdaşları haqqında iştirakçılara geniş məlumat verdi. Bu layihə “Baltik Dənizi Regionunda Akademik Əməkdaşlıq” (“Academic collaboration in the Baltic Sea region”) üzrə Sosial İnnovasiya (SI) proqramı tərəfindən maliyyələşdirmişdir. Layihənin icraçısı İsveç Kənd Təsərrüfatı Elmləri Universitetidir (SLU), tərəfdaş ölkər isə Latviya, Litva və Estoniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi makro-regional səviyyədə təcrübə mübadiləsini, təcrübələrin, metodologiyanın və beynəlmiləlləşdirmə potensialının ali təhsil və elmi tədqiqat çərçivəsində birgə inkişafını gücləndirməkdir.

Layihə haqqında təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənildi və geniş müzakirələr aparıldı.

khazar.org