2022-ci il dekabrın 19-da Xəzər Universitetinin Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş əsərlərindən ibarət konsert keçirildi. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, ölkənin mədəniyyət xadimləri və ziyalılar iştirak edirdilər.

Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının geniş giriş nitqi ilə başladı. H. İsaxanlı böyük bəstəkarın yaradıcılığının əsas mərhələləri haqqında ətraflı danışdı və əsərlərinin dünyada ifa olunaraq şöhrət qazanmasını onun fövqəladə istedadı və zəhmətsevərliyi ilə əlaqələndirdi. O, həmçinin, universitetin Dekorativ və Tətbiqi Sənət Muzeyinin direktoru, tanınmış xalçaçı rəssam Afaq Kərimovanın bəstəkarın 100 illiyinə həsr olunaraq salonda nümayiş etdirilən rəsm əsəri və xalça haqqında məlumat verdi.

Konsert proqramı universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqovanın bədii rəhbəri olduğu universitet Kamera orkestrinin Orxan Həşimovun dirijorluğu ilə “1001 gecə” baletindən “Şəhrizadın bayramı”nın ifasi ilə başlandı. Konsert əsas etibarilə Kamera orkestinin, pianoçu Zülfiyyə Sadöqovanın ifaları və Orxan Həçimovun diriyotluğu ilə keçdi.

Orkestr tərəfindın “Nizami” simfoniyasının 4-cü hissəsi və “Sevil” operasından “Vals” ifa olunduqdan sonra konsert Azərbaycanın görkəmli və məşhur musiqi xadimləri və gənc ifaçıların iştirakı ilə davam etdi.

Əməkdar artist Səidə Şərifəliyeva (“Sevil” operasından Dilbərin mahnısı, “Böyük dayaq” filmindən Pərişanın mahnısı), Əməkdar artist Aqşin Abdullayev (Sevil” operasından Balaşın mahnısı,), Xalq artisti Elşən Mansurov (“Layla”) Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Nazim Mahmudov (Sevil” operasından Atakişinin kupletləri), Xalq artisti Gülnaz İsmayilova (Sevil” operasından “Sentimental romans”), Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Emin İsmayılov (“Sevil” operasından Balaşın ariyası), Xalq artisti Xuraman Qasımova (Sevil” operasından Sevilin ariyası, videogörüntüdə), Xalq artisti Alim Qasımov (“Şeyx Sənan” dram əsərindən Kor ərəbin mahnısı), Əməkdar artist Nigar Məlikovanın fortepianoda müşayiıti ilə Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Leyla Baxışova (“Ulduz”), Opera və Balet teatrının solisti Urfan Cəfərov (“Evləri var xanə-xanə”), Gülnaz İsmayılova (“Gülüm”), Emin Hüseynov (“Sevgi rəqsi”), Əməkdar artist Çinarə Mütəllibova (“Muğam-poema”), Xalq artisti Yeganıə Axundova (“Miniatürlər”) və Xalq artisti Fidan Qasımova (“Mən səni araram”, videogörüntüdə) bəstəkarın əsərlərini ifa etdilər.

Xalq artistləri Yeganə Axundova və Xuraman Qasımova çıxış edərək, dahi bəstəkara həsr olunmuş konserti yüksək dəyərləndirdilər və Xəzər Universitetinə təşəkkürlərini bildirdilər. Yeganə Axundova bəstəkarın fortepiano musiqisi yazılmış diski universitetə hədiyyə etdi.

Tədbir konsert iştirakçıları tərəfindən “Azərbaycan elləri” mahnısının birgə ifası ilə başa çatdı.

khazar.org