2022-ci il dekabrın 16-da Xəzər Universiteti və Milli Erasmus+ Ofisinin birgə təşkilatçılığı ilə Erasmus+ Məlumat günü keçirilib

Xəzər Universitetində keçən tədbirdə Erasmus+ proqramının təhsildə mövqeyi, üstünlükləri, yeni layihələr və bir çox vacib mövzular ətrafında müzakirələr aparılıb. Tədbirdə müxtəlif universitetlərdən və təşkilatlardan 80-ə yaxın iştirakçı olub. Eyni zamanda, tədbirin daha böyük auditoriyaya çatdırılması üçün onlayn iştirak da təmin edilib.

Xəzər Universitetinin təsisçisi, Direltorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı öz səmimi fikirlərini, Erasmus-un tarixi və Erasmus sözünün mənşəyi barədə danışıb, bilik və təcrübələrini tədbir iştirakçıları ilə bölüşərək, konfransın açılışını edib. Universitetin rektoru dosent İradə Xəlilova tədbir iştirakçılarını salamlayıb və onlara uğurlu iş arxulayıb.

Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov 2021-2027-ci illər üçün Erasmus+ proqramının əsas üstünlükləri, hazırda aktual olan layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Elm və Təhsil Nazirliyinin Ali və orta ixtisas şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova ali təhsil sahəsində milli prioritetlər və nazirliyin Erasmus+ proqramına dəstəyi haqqında çıxış edib.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora Erasmus+ proqramı və Xəzər Universitetinin layihə yazılması və idarə olunması sahəsində təcrübələri ilə bağlı maarifləndirici məlumatlar verib. Universitetin Həyat elmləri departmentinin dosenti Cavid Ocaqı İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin təsisçisi olduğu “Happy animals for sustainable production and consumption (HAnimSPAC)” adlı layihə haqqında şıxış edib.

Sonda sual-cavab sessiyası başlayıb və “networking”lə tədbir yekunlaşıb.

khazar.org