2022-ci il sentyabrın 7-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Hamlet İsaxanlı və Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müqavilə imzalayıblar.

Müqavilədə Azərbaycanda elm və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə Xəzər Universiteti və GEİ-nin mövcud infrastrukturdan birgə istifadəsi, beynəlxalq və yerli proqramlara qoşulmaq üçün fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, hər iki müəssisənin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkili, müvafiq elm sahələri üzrə tədris olunan fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni tədqiqat laboratoriyalarının yaradılması kimi məsələlər yer alıb. Həmçinin, mövcud laboratoriyaların yeni avadanlıqlarla və reaktivlərlə təchizatının yaxşılaşdırılması, multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə birgə iştirak, universitetin tələbələrinin GEİ-də elmi-tədqiqat təcrübəsi, institutun magistrantlarının isə Xəzər Universitetində pedaqoji təcrübə keçməsi, beynəlxalq və respublika səviyyəli birgə elmi konfrans, simpozium, təlim və seminarların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Professor Hamlet İsaxanlı və Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova GEİ-nin şöbələrində və laboratoriyalarında aparılan tədqiqatlarla yaxından tanış olublar. Qonaqlar institutun müasir elmi cihaz və avdanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan elmi-tədqiqat işlərini, eləcə də institutda yüksəkixtisaslı kadr hazırlığının təşkilini yüksək qiymətləndiriblər.

AZƏRTAC tədbir haqqında xəbər yayımlamışdır:

https://azertag.az/xeber/Genetik_Ehtiyatlar_Institutu_Xezer_Universiteti_ile
_emekdasliga_baslayir-2281145 

khazar.org