2022-ci il avqustun 22-24-də Xəzər Universitetində və Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin (Swedish University of Agricultural Sciences) tədqiqatçıları ilə bir sıra görüşlər keçirilmişdir. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı dosent Səidə Şərifova, dekan müavini dosent Məhəmməd Eldarov, Həyat elmləri departamentinin müdiri dosent Səltənət Ağayeva, departamentin dosenti Cavid Ocaği və koordinatoru dosent Ayaz Məmmədov iştirak etmişlər.

Görüşdə Xəzər Universitetinin Həyat elmləri qrupunun tədqiqatçıları Azərbaycandakı mövcud vəziyyət haqqında topladıqları məlumatı təqdim etmişlər.

Görüş zamanı İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin Tədqiqat fakültəsinin koordinatoru dosent Galia Zamaratskaia universitetin departamentləri və digər təşkilatları, layihənin mahiyyəti və əsas hədəfləri haqqında ətraflı məlumat vermişdir. Həmçinin, layihə çərçivəsində Həyat elmləri departamentinin əməkdaşları tərəfindən Azərbaycanın müxtəlif regionlarında heyvanların rifahı haqqında fermerlərlə keçirilmiş sorğuların nəticələrini dosent Ayaz Məmmədov təqdim etmişdir.

Xəzər Universiteti “Baltik Dənizi Regionunda Akademik Əməkdaşlıq” (“Academic collaboration in the Baltic Sea region”) üzrə Sosial İnnovasiya (SI) maliyyələşdirmə proqramı tərəfindən maliyyələşdirilən “Dayanıqlı İstehsal və İstehlak üçün Xoşbəxt Heyvanlar” (“Happy Anımals for Sustainable Production and Consumption”) layihəsinin tərəfdaşlarından biridir. Layihəni uğurla İsveç Kənd Təsərrüfatı Elmləri Universiteti qazanmışdır. Layihənin məqsədi makro-regional səviyyədə təcrübə mübadiləsini, təcrübələrin, metodologiyanın və beynəlmiləlləşdirmə potensialının ali təhsil və elmi tədqiqat çərçivəsində birgə inkişafını gücləndirməkdir

Tərəfdaş təşkilatlar Baltik regionu ölkələrindən (Latviya, Litva və Estoniya), həmçinin Ukrayna və Azərbaycandandır:

  • İsveç Kənd Təsərrüfatı Elmləri Universiteti;
  • Litva Səhiyyə Elmləri Universiteti;
  • Estoniya Həyat Elmləri Universiteti;
  • Latviya Kənd Təsərrüfatı Universiteti;
  • Ukrayna Milli Həyat və Ətraf Mühit Elmləri Universiteti, Kiyev, Ukrayna;
  • Poltava Dövlət Aqrar Akademiyası, Poltava, Ukrayna;
  • Xəzər Universiteti, Bakı, Azərbaycan.

Bu, kiçik bir layihədir (təxminən 1,5 illik). Layihə çərçivəsində tərəfdaş ölkələrdəki mövcud vəziyyət, heyvanların rifahının vacibliyi ilə bağlı fermerlərin və istehlakçıların fikirlərini öyrənmək, əsas problemləri müəyyən etmək və heyvanların rifahının iqtisadi təsirini qiymətləndirmək, nəticələri izləmək, gələcək fəaliyyətləri müəyyən etmək və “Avropa üfüqü” (Horizon Europe) proqramı çərçivəsində layihə təklif etmək planlaşdırılır. Layihəyə rəsmi olaraq sentyabrın 21-də start verilib. 2021-ci ilin sentyabrında Uppsala şəhərində başlanğıc görüşü planlaşdırılırmışdı, lakin davam edən Covid məhdudiyyətləri səbəbindən baş tutmamışdı. İlk görüş 2021-ci ilin oktyabrında onlayn (zoom vasitəsilə) keçirilmişdi. Növbəti görüş 2022-ci ilin sentyabr ayının sonunda İsveç Kənd Təsərrüfatı Elmləri Universitetində olacaq.

khazar.org