2021-ci il iyulun 15-də Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində Xəzər Universitetində strateji inkişaf məsələlərinə həsr olunmuş görüş keçirildi. Görüşdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları iştirak edirdilər.

Görüşü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, iştirakçıları salamladı, cari məsələlər haqqında danışdı. Direktorlar və Qəyyumlar Şurasının üzvü Aygün Gardiner “Brand Guidelines” mövzusunda, Direktorlar və Qəyyumlar Şurası Sədrinin maliyyə və mühasibat işləri üzrə müşaviri Aytən İsayeva isə Xəzər Universitetinin Marketinq, Maliyyə və Mühasibat Strategiyası mövzusunda çıxış etdilər.

Sonra universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev hal-hazırda universitetdə mövcud olan vakansiyalar haqqında danışdı. Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı dosent Səidə Şərifova Xəzər Universitetinin tədqiqat məsələlərindən, magistratura və doktorantura tələbələrinin tədqiqata cəlb olunmasından bəhs etdi.

Universitetin rektoru dosent İradə Xəlilova ikili diplom proqramları ilə əlaqədar görülən işlər və Xəzər Universitetinin jurnallarının inkişafı haqqında çıxış etdi. Universitetin Asiya, Sakit okean və Afrika Ölkələri Araşdırmaları İnstitutunun direktoru Vlad Vernygora jurnalların beynəlxalq miqyaslı platformalar ilə əlaqələndirməsinə aid təkliflərlə çıxış etdi.

Görüşdə universitet rəhbərliyi qarşıda duran məsələlərin həlli üçün uyğun işçi qrupların yaradılması və daha geniş müzakirələr əsasında doğru qərarların verilməsini tövsiyə etdi, əməkdaşlara xoş istirahət və yeni tədris ilində uğurlar arzuladı.

khazar.org