2021-ci il iyulun 3-də Xəzər Universiteti Təsviri sənət və dizayn departamentində yaz semestrinin yekunu olaraq sərgi-baxış imtahanı, dizayn ixtisası üzrə təhsili bitirən tələbələrin isə diplom layihəsinin təqdimat və müdafiəsi oldu.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Diplom layihəsini qiymətləndirmə komissiyasının sədri, Xalq rəssamı Xanlar Əhmədov, komissiyanın üzvləri Afaq Kərimova, Anar Əsədov, Şahin Məlikzadə, Fərəc Rəhmanov, həmçinin Əməkdar rəssam Rafael Əsədov iştirak edirdilər.
Tədbirdə ilk olaraq dizayn ixtisası üzrə təhsili başa vurmuş Şamxal Əhmədiyyəzadə və Aydan Camal öz diplom layihələrini təqdim etdilər. Komissiyanın sədri Xanlar Əhmədov hər iki layihənin mövzularının aktuallığını, peşəkarlıq səviyyəsini qeyd etdi. Afaq Kərimova diplom işlərində, əsasən, milli ənənəyə söykənən modern quruluşdan uğurla istifadə olunmasından söz açdı. Tələbələrin müəllimi olmuş dizaynerlər – diplom rəhbəri Şahin Məlikzadə və Anar Əsədov onların yaxşı mütəxəssis kimi yetişdiklərini bildirdilər.
Sərgidə birinci-dördüncü kurs tələbələrinin işləri nümayiş etdirilirdi. Baxış zamanı birinci və ikinci kuds tələbələrinin rəngkarlıq, heykəltəraşlıq və dizayn işləri maraqla qarşılandı. İkinci kurs tələbələrindən Cavid Əliyev, Əmiraslan Əliyev və Bəhram Seyidovun “Macəra” adlı loqoları diqqəti cəlb etdi. Üçüncü kurs tələbələri Xanım Rəhimova, Leyla Səmədova, Əminə İsayeva və Fidan Babayevanın işləri yüksək qiymətləndirildi.
Professor Hamlet İsaxanlı həm diplom müdafiə edən, həm də sərgi iştirakçısı olan tələbələrə işləri barədə suallar verdi, tövsiyələrini bildirdi, müəllim heyətinin uğurlu işini qeyd etdi.