Martın 20-də Xəzər Universitetinin Tələbə yataqxanasında xarici və yerli tələbələr üçün Novruz bayramı ilə əlaqədar xonçalar bəzədildi, bayram süfrəsi açıldı.
Xəzər Universitəsində dünyanın 28 ölkəsindən xarici tələbə təhsil alır. Onların əksəriyyəti universitetin yataqxanasında yaşayır. Yataqxana rəhbərliyi tərəfindən yüksək səviyyədə təşkil edilmiş və xonçalarla bəzədilmiş bayram süfrəsi tələbələrin böyük sevincinə səbəb oldu.
Universitetin rektoru dosent İradə Xəlilova öz adından və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının adından yataqxanada yaşayan xarici və yerli tələbələri bayram münasibətilə təbrik etdi, onlara uğurlar və cansağlığı arzuladı.
Tədbirdə iştirak edən xarici tələbələr (Pakistan, Zimbabve, İndoneziya, Qana, Nigeriya, Özbəkistan, Rusiya, Gürcüstan, Əfqaqnıstan, İordaniya, Hindistan, Efiopiya, Ukrayna, İran, İraq, Qətər və digər ölkələr) bayram süfrəsi ətrafında Azərbaycanı bayram münasibətilə təbrik etdilər və universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Bayram tədbirində Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova, Yataqxana müdiri Araz Xəlilov, Xarici Əlaqələr Şöbəsinin koordinatoru Səma İsalı, Pakistanlı tələbələrin Azərbaycan üzrə prezidenti İmtiyaz Ahmed, Tələbə Məclisinin rəhbərliyi: Ramal Quluzadə, Nərmin İsgəndərli və Aydan Soltanlı iştirak etdilər.