Martın 20-də Xəzər Universitetinin iki şəhid magistr tələbəsinin ailələri Novruz bayramı münasibətilə ziyarət edildi.

Masazır qəsəbəsində şəhid Cavid Həsənovun və Lökbatan qəsəbəsində şəhid Ataməli Musaoğlunun ailələri universitet rəhbərliyini və Tələbə Məclisinin rəhbərliyini səmimi qarşılayaraq, bayram günündə onları yad etdikləri üçün dərin təşəkkürlərini bildirdilər. Çay süfrəsi ətrafında şəhidlərimizin igidliyindən danışıldı və tələbəlik günləri xatırlandı. Hər iki şəhidin nümunəvi tələbə olduğu vurğulandı.

Xəzər Universitəsinin rektoru dosent İradə Xəlilova universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının salamını şəhid ailələrinə çatdırdı və şəhid Atamalı Musaoğlunun ailəsinə magistr səviyyəsinin birinci ilini müvəffəqiyyətlə başa vurması ilə əlaqədar plaket təqdim etdi.

Görüşdə, Təbiət Elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova, Tələbə Məclisinin rəhbərliyi: Ramal Quluzadə, Aydan Soltanlı, Nərmin İsgəndərli və digərləri iştirak etdilər. Sonda universitet rəhbərliyi və Tələbə Məclisi adından şəhid ailələrinə maddi və ərzaq yardımı təqdim edildi.

khazar.org