2020-ci il fevralın 17-si və 18-də Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və Həyat elmləri departamentinin əməkdaşlarının dəvətilə İranın Royan İnstitutunun alimləri –Tədqiqat işlər üzrə direktor müavini Dr. Parvanə Əfşari, Təhsil üzrə direktor müavini Dr. Ruhullah Fəthi və Beynəlxalq şöbəsinin əməkdaşı cənab Vəhid Asgəri elmi səfərdə oldular. Royan İnstitutunun əsas elmi istiqaməti kök hüceyrə texnologiyaları vasitəsilə xəstəliklərin müalicəsi, sonsuzluq problemlərin aradan qaldırılması və klonlaşdırma texnologiyaların tətbiqidir. Bu institut ən önəmli nailiyyətlərindən biri Yaxın Şərqdə ilk dəfə olaraq, bir çox heyvanların, o cümlədən, qoyunun və keçinin klonlaşdırılmasıdir.

Qonaqlar Xəzər Universiteti ilə elmi sahədə əməkdaşlıq edən və ortaq memorandumu olan Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna səfər etdilər, oranın maddi texniki bazası ilə, aparılan elmi tədqiqat işləri ilə tanış oldular və alimlərlə ətraflı müzakirələr apardılar. Eyni zamanda, qonaqlar “Dünya” məktəbinə səfər edərək, oranın tədris fəaliyyəti ilə yaxından tanış olmaqla, məktəb şagirdlərinin stimullaşdırılması və keçirilən mövzuları daha yaxşı mənimsəmək üçün qurulan laboratoriyalar ilə tanış oldular. Səfərin sonunda Royan İnstitutunun qonaqlarına Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova tərəfindən hədiyyələr təqdim olundu.

Qeyd edək ki, 2019-cü ildə Royan İnstitutunun əməkdaşı professor Baharvənd 500 min ABŞ dolları dəyərində Mustafa mükafatının (Mustafa Prize) qaliblərindən biri olmuşdur və bu böyük tədbirə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilova rəsmi dəvət olunaraq, professor Hamlet İsaxanlı mükafatların təqdim olunması məqsədilə səhnəyə dəvət olunmuş və qaliblərə mükafatın təqdim olunmasında tədbirində iştirak etmişdir. Royan İnstitutunun əməkdaşları iki gün müddətində Xəzər Universiteti ilə gələcək əməkdaşlığın aparılması, o cümlədən, kök hüceyrə texnologiya haqqında birgə elmi konfransların, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, ikitərəfli magistr və doktorantların yetişdirilməsi haqqında ətraflı müzakirələr aparılmışdı. Qonaqlar universitetin bir sıra laboratoriya və departamentləri ilə görüşlər keçirmiş, o cümlədən, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani ilə geniş fikir mübadiləsi aparmışdılar. Görüşlərin nəticəsi olaraq, yaxın zamanda Mustafa mükafatının qalibi olan professor Baharvənd tərəfindən Xəzər Universitetində təlim kursunun həyata keçirilməsi qənaətinə gəlinmişdi.

khazar.org