2019-cu il noyabrın 24-də “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Xəzər Universitetinin “Neftçilər” kampusunda növbəti tədbirini həyata keçirdi.

Tədbiri açan layihənin koordinatoru Turan Cəfərova layihə ilə Xəzər Universitetinin əməkdaşlığından söz açdı. Tədbir Xəzər Universitetinin təqdimatı ilə başladı – Qəbul şöbəsinin rəhbəri Lamiyə Namazova tədbir iştirakçılarına universitet haqqında məlumat verdi, iştirakçıların suallarını cavablandırdı. Hazırda Xəzər Universitetinin tələbələri olan beş layihə məzunu da qısa çıxışlarda öz təcrübələrini bölüşdülər.

Tədbir layihənin altı dəyərlərindən biri olan “Məsuliyyət” mövzusuna həsr olunmuşdu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı gənclərin qarşısında çıxış edərək, mövzuya aid mühüm aspektlərdən danışdı. O, həmçinin, Xəzər Universitetinin qurulmasından və hər insanın Vətəni qarşısında olan məsuliyyətdən söhbət açdı.

Tədbirin digər spikerləri gənclərə mövzunun müxtəlif aspektlərinə dair təqdimatlar verdi. Spikerlərin arasında EY Azerbaijan şirkətinin əməkdaşı Günel Fərəcova, insan resursları üzrə mütəxəssis Xəqani Səfərov, Avropa Azərbaycan Liseyinin müəllimi və psixoloq Hüseyn Həsənov, həmçinin, görmə qabiliyyətinin olmamasına baxmayaraq, dünyanın 3 aparıcı universitetinin məzunu (İngiltərənin Kembric və Oksford və ABŞ-ın Kolumbiya universitetləri) olan məşhur hüquqşünas Elnur Eyvazov var idi.

2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari – 6-cı ilində Bakının altı (Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai və Xəzər) rayonundan və beş regiondan (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax) 300-ə yaxın gənc iştirak edir. Layihə bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində fəaliyyət göstərir.

khazar.org