2019-cu il, noyabrın 25-də Xəzər Universitetinin rəhbərliyi və fakültələri Mərakeşdəki Cadi-Ayyad Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti xanım Fatima Zohra İflahen və onu müşayiət edən Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarch ilə görüş keçirildi. Görüş Bakıdakı Mərakeş Səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilmişdi. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektoru professor Məhəmməd Nuriyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, İngilis dili departamentinin müdiri Bahman Amani, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev, İnkişaf direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova və qonaqlar qarşısında Xəzər Universitetinin təqdimatını edən Beynəlxalq Əlaqələr Ofisinin koordinatoru Lamiyə Pənahova da iştirak edirdilər.

Görüş çərçivəsində riyaziyyat, fizika, bərpa olunan enerji, məlumat elmləri və uşaq təhsili sahələrində əməkdaşlıq barədə danışıqlar aparıldı. Bundan əlavə, tərəflər tələbə və işçi mübadiləsi, Erasmus KA2, Horizon 2020 ilə araşdırma sahəsində əməkdaşlıq, uzunmüddətli perspektivdə turizm və otelçilik menecmenti sahəsində ikili dərəcə proqramı, eləcə də, ortaq konfranslar barədə fikir mübadiləsi apardılar. Danışıqlar zamanı Xəzər Universiteti və Mərakeşin Cadi-Ayyad Universitetinin nümayəndələri, Azərbaycan və ingilis dillərinin Xəzər Universitetində, eynilə, fransız və ərəb dillərinin isə Mərakeşdəki Cadi-Ayyad Universitetində yay məktəblərinin təşkili məsələsini müzakirə etdilər.

khazar.org