2019-cu il oktyabrın 19-da Bakı Musiqi Akademiyasının Opera Studiyasında Xəzər Universitetinin 46 və 47-ci məzunluq mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi və əməkdaşları, məzunlar və valideynlər, qonaqlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan mərasimdə universitetin rektoru dosent İradə Xəlilova çıxış edərək, məzunları təbrik etdi, əmək və karyera yollarında onlara uğurlar arzuladı, universitetin professor-müəllim heyətinə hərtərəfli inkişaf etmiş yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi sahəsindəki gərgin əməklərinə görə təşəkkürünü bildirdi.
Qeyd edildi ki, 46 və 47-ci buraxılışlarda universitetdən 277 bakalavr, 60 magistr məzun olur. 28 il ərzində isə universiteti 3943 bakalavr, 825 magistr bitirmişdir. Onlardan 906 nəfəri fərqlənmə diplomu almışdır.
Sonra bakalavr və magistr məzunlara diplomlar təqdim olundu. Diplomları universitetin rektoru dosent İradə Xəlilova, Təbiət elmləri və mühəndisik fakültəsinin dekanı Dr. Hassan Niknafs, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova, departament müdirləri – dosent Nuru Səfərov, dosent Qəşəm Zeynalov, Dr.Əli Hüseynli, Dr.Elmar Mustafayev və professor-müəllim heyəti təqdim etdilər.
Hər təqdimatdan sonra universitetin müvafiq fakültələrinin tələbələrin həyatına aid Multimedia mərkəzinin hazırladığı slayd-şoular nümayiş olunur və xatirə şəkli çəkilirdi.
Universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı universitetin ictimai həyatında fərqlənən bir qrup tələbəyə sertifikat təqdim etdi.
Diplom və sertifikatların təqdimatı başa çatandan sonra Təbiət elmləri və mühəndislik fakültəsinin və Humanitar, təhsil və sosial elmlər fakültələrinin məzunları Sadiq Əli Behzad və Zülfiyyə Şəfiyeva Xəzər Universitetinin andını səsləndirdilər və məzunların “And içirik” sədaları salona yayıldı.
Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səhnəyə dəvət olundu. O, universitetin öz məzunları ilə haqlı olaraq fəxr etdiyini bildirdi. Qeyd etdi ki, “Xəzər”in məzunları vətəndə və dünyanın müxtəlif ölkələrində aparıcı şirkət və digər təsisatlarda yüksək vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Professor Hamlet İsaxanlı məzunlara yeni başlayacaqları həyat yollarında qarşıya çıxa biləcək təbii çətinlikləri aradan qaldırmaq üçün tövsiyələr verdi və onlara uğurlar arzuladı.
Tədbir boyu iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət depatamentinin müdiri, əməkdar rmüəllim, pianoçu Zülfiyyə Sadıqova) və universitetin rəqs ansamblının ifaslnda konsert proqramı təqduim olundu.