Xəbər verdiyimiz kimi (“Xəzər Xəbər” jurnalı, iyun 2019), Xəzər Universitetində yaradılmış Xəzər Hava Keyfiyyəti Laboratoriyası 2019-cu il iyunun 1-də işə başlayaraq, Bakı şəhərində və şəhərətrafı ərazilərdə artıq iki monitorinq keçirmiş, nəticələri elan etmiş, universitetin Coğrafiya və ətraf mühit departamentində tələbələrin də iştirakı ilə nəticələrin analitik hesabatı hazırlanmışdır.

Qeyd edək ki, laboratoriya havanın keyfiyyət parametrlərini Avropa Hava Keyfiyyəti İndeksinə uyğun olaraq müəyyən etməyə imkan verən müasir avadanlıqlarla təchiz edilmişdir.

İyunun 3-də Xəzər Universitetinin Mərmər salonunda Xəzər Hava Keyfiyyəti Laboratoriyasının rəsmi təqdimat mərasimi keçirildi. Mərasimdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyyinin, Bakı şəhərinin Xəzər, Nəsimi, Xətai və Binəqədi rayonları icra hakimiyyətlərinin nümayəndələri və media mənsubları iştirak edirdilər.

Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, geniş çıxışında ətraf mühit problemlərinin ciddiliyindən, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının yaradılmasını zəruri edən səbəblərdən danışdı. Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov aparılmış monitorinqlərin nəticələri haqqında ətraflı məlumat verdi, laboratoriyanın həm də gələcəkdə görəcəyi işlərdən danışdı. Biologiya departamentinin müdiri Dr. Asəf Ömərov, Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalov çıxış edərək, ətraf mühit probleminin müxtəlif cəhətlərinə toxundular.

Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin monitorinqi departamentinin müdir müavini Mətanət Avazova geniş çıxış edərək, Xəzər Universitetində Xəzər Hava Keyfiyyəti Laboratoriyasının yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı, nazirliyin bu sahədəki fəaliyyətindən ətraflı danışdı və Xəzər Universiteti ilə əməkdaşlığın faydalı olacağına əminliyini bildirdi, nazirliklə universitet arasında anlaşma memorandumunun imzalanması imkanının da olduğunu söylədi.

Tədbirdə kütləvi informasiya vasitələri əməkdaşlarının sualları cavablandırıldı. İctimai TV, Lider TV, Space TV və ATV telekanalları tədbirdən çəkilş apardılar və professor Hamlet İsaxanlıdan müsahibə aldılar.

Təqdimat mərasimi ölkə mediası tərəfindən geniş işıqlandırılıb.

khazar.org