2019-cu il iyulun 3-də İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri Xəzər Universitetinə səfər etdilər. Nümayəndə heyətinin tərkibinə nazirliyin Təqaüd və Tələbə işləri üzrə Direktoru Jafaf Bagheri, İran İslam Respublikasının Azərbaycandakı səfirliyin Media İşləri müdiri Ali Musavi və səfirliyin konsulluq bölməsinin rəhbəri Hosein Jalini daxil idi. Qonaqlar səfər zamanı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Görüşdə, həmçinin, Xəzər Universitetinin rektoru Dr. İradə Xəlilova, prorektorlar professor Məhəmməd Nuriyev və dosent İsaxan İsaxanlı, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev, Bioloji elmlər departamentinin dosenti Cavid Ocaği, İctimai əlaqələr və media mərkəzinin direktoru Əlövsət Əmirbəyli və Beynəlxalq Əlaqələr şöbəsinin koordinatoru Lamiyə Pənahova iştirak edirdilər.
Görüş zamanı hər iki tərəf iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsinin və Azərbaycan universitetləri tərəfindən verilən diplomların İran Təhsil Nazirliyi tərəfindən tanınmasının vacibliyini vurğuladılar. Xəzər Universiteti ilə tanış olduqdan sonra cənab Jafaf Bagheri burada olmaqdan məmnunluq hissi duyduğunu və İrana qayıtdıqdan sonra universiteti öz ölkəsində təbliğ edəcəyini bildirdi. Onun fikrincə, bu, İrandan daha çox universitetin Xəzər Universiteti ilə əməkdaşlıq edəcəyinə və daha çox tələbənin təhsil üçün buraya gəlməyinə təkan verəcək.
Tərəflər, həmçinin, Xəzər Universiteti ilə İran universitetləri arasında akademik əlaqələrin gücləndirilməsi üçün ikili diplom proqramlarının yaradılması və professorların qarşılıqlı səfərləri məsələlərini müzakirə etdilər. İngilis dili və ədəbiyyatı departamentinin 2020-ci ilin martında təşkil edəcəyi beynəlxalq konfransda İran alimlərinin də iştirakı gözlənilir.