2019-cu il iyunun 10-da Xəzər Universitetinin Mərmər salonunda hər il keçirilməsi nəzərdə tutulan və riyazi fizikanın müasir problemlərinə həsr olunmuş 2-ci “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” (RFOFS) beynəlxalq konfransı işə başladı. Konfransın başlıca məqsədi riyazi fizikanın ən yeni nailiyyətlərini və inkişaf istiqamətlərini, həmçinin onun metodlarını müzakirə etməkdir.

Konfransda Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, AMEA institutlarının, olkə universitetlərinin alim və mütəxəssisləri, dünyanın 23 ölkəsindən gəlmiş 60-dan artıq tanınmış riyaziyyatçılar və media mənsubları iştirak edirlər.

Konfransın açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova çıxış edərək, iştirakçıları salamlamış, konfransın işinə uğurlar arzulamışlar.

Qeyd edək ki, 1-ci RFOFS konfransı 2018-ci il mayın 21-24-də professor Hamlet İsaxanlının 70 illik yubileyi münasibətilə keçirilmiş və bundan sonra hər il keçirilməsi qərara alınmışdır.

Onu da qeyd edək ki, hazırkı konfrans Beynəlxalq Riyazi Fizika Cəmiyyəti tərəfindən tanınaraq, cəmiyyətin maliyyə dəstəyinə – qrantına layiq görülmüşdür.

Konfrans iyunun 15-də işini başa çatdıracaq.

khazar.org