2019-cu il mayın 17-də Xəzər Universitetinin Mərmər salonunda Baş idarəsi Azərbaycanda olan Avrasiya Akademiyasının üçüncü məclisi – akademiyanın yeni seçilmiş üzvlərinə üzvlük diplomu və “Avrasiya Əfsanəsi” mükafatının təqdim olunması mərasimi keçirildi.
Mərasimdə Xəzər Universiteti və “Dünya” məktəbinin rəhbərliyi və əməkdaşları, Azərbaycanın görkəmli yazıçıları, elm və mədəniyyət xadimləri, media mənsubları, akademiyanın yeni seçilmiş üzvləri – SSRİ və Rusiya Federasiyasının xalq artisti, bəstəkar və dirijor Murad Kajlayev, Böyük Britaniyadan alim, kolleksiyaçı və xeyriyyəçi Nasser Xəlili, Azərbaycandan şair və kinossenarist Ramiz Rövşən iştirak edirdilər. Türkiyədən olan yeni seçilmiş üzv – geoloq və ictimai xadim Celal Şengör səhhətinə görə məclisdə iştirak etmirdi.
Tədbir filmlərin nümayişi ilə başlandı. Filmlərdə Qədim Yunan Akademiyasından başlayaraq dünyada mövcud olmuş və olan məşhur akademiyalar haqqında, Avrasiya Akademiyasının yaranması və inkişafı, beş qurucu üzv – Halil İnalcık, Lütfi Zadə, Mahmut Gazi Yaşargil, Arif Məlikov və Hamlet İsaxanlı, sonra seçilmiş üzvlər – Əli Cavan, Robert Hossein, Türkan Şoray, yeni seçilmiş üzvlər – Murad Kajlayev, Nasser Xəlili, Ramiz Rövşən və Celal Şengör haqqında geniş məlumat verildi.
Sonra “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva və Xəzər Universitetinin müəllimi, xalçaçı rəssam Afaq Kərimovanın dizaynı ilə hazırlanmış mərasim paltarı yeni seçilmiş üzvlərə – Murad Kajlayev, Nasser Xəlili və Ramiz Rövşənə geyindirilərək, onlara üzvlük diplomu və“Avrasiya Əfsanəsi” mükafatı təqdim olundu. Üzvlük diplomu və mükafatları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilova təqdim etdilər.
Murad Kajlayev, Nasser Xəlili və Ramiz Rövşən çıxış edərək, Avrasiya Akademiyasına üzv seçildiklərinə görə minnətdarlıqlarını bildirdilər.
Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, professor, pianoçu Zulfiyyə Sadıqovanın rəhbərliyi və Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə universitetin Kamera orkestri Motsart, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Murad Kajlayevin əsərlərindən musiqi parçaları ifa etdi.
Təbirdən sonra Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində Avrasiya Akademiyasına yeni seçilmiş üzvlərin şərəfinə ziyafət verildi.
Avrasiya Akademiyasının üçüncü məclisini Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC (https://azertag.az/xeber/Avrasiya_Akademiyasinin_3_cu_resmi_meclisi_kechirilib__YENILANIB-1283969) və ölkənin digər mediası geniş işıqlandırmışlar.