Fevralın 25-də Xəzər Universitetinin Mərmər salonunda universitetin Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələr, elmi ictimaiyyətin nümayəndələri, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları, Türkiyənin TRT telekanalının mənsubları iştirak edirdilər.

Tədbir Xocalı faciəsinə həsr olunmuş filmin nümayişi ilə başladı, Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Xəzər Universitetinin müəllimi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu açaraq, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Professor geniş çıxışında Xocalı faciəsinə tarixi aspektdə yanaşaraq, erməni siyasətçilərinin “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək yolunda ardıçıl olaraq Türkiyəyə və Azərbaycana qarşı törətdikləri soyqırım hadisələrindən danışdı və belə cinayətlərin beynəlxalq tribunallar tərəfindən cəzalandırıldığı halda Xocalı faciəsinə onların laqeydliyini müasir dünyada hökm sürən ikili standartlarla əlaqələndirdi.

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin təhsil işləri üzrə müşaviri Mahmut Ağırman çıxışında ermənilərin Türkiyədə törətdikləri soyqırımlardan danışdı, Xocalı faciəsinin Türkyə türkləri tərəfindən də öz faciələri kimi daim yad edildiyindən və bu faciəni əks etdirən memorialların ucaldılmasından danışdı.

Professor Nəsiman Yaqublu “Xocalı soyqırımının tarixi”, Xəzər Universitetinin müəllimi, tarix elmləri doktoru Telman Nüsrətoğlu “Erməni terror təşklatlarının Osmanlının şərq vilayətlərində törətdikləri soyqırımlar”, Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru Kamran Behbudov “Xocalı soyqırımına hüquqi qiymətləndirmə” mövzularında çıxış etdilər. Xəzər Universitetinin müəllimi, siyasi elmlər doktoru Hatəm Cabbarlı ermənilərə qarşı müharibədə iştirakından danışdı.

Sonda professor Hamlet İsaxanlı, Türkiyə səfirliyinin təhsil işləri üzrə müşaviri Mahmut Ağırman və professor Nəsiman Yaqublu tələbələrin suallarını cavablandırdılar.

Tədbirdən çəkiliş aparan TRT telekanalının Bakı təmsilçiliyinin müdiri Murat Akkoç tədbirdə iştirak edirdi.

khazar.org