2019-cu il yanvarın 31-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun direktoru akademiyanın müxbir üzvü professor Oktay Qasımov, elmi işlər üzrə onun müavini professor Kərim Qasımov və İnteqrativ Biologiya laboratoriyasının müdiri, akademiyanın müxbir üzvi, professor İlham Şahmuradov Xəzər Universitetinin qonağı oldular. AMEA-nın əməkdaşları ilə ilk görüş cari il yanvarın 24-də Biofizika İnstitutunda olmuşdu. Orada AMEA-nın Biofizika İnstitutu və Xəzər Universiteti ilə onun “Dünya” məktəbi arasında elm və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanmışdı.

Xəzər Universitetində görüş zamanı professor Hamlet İsaxanlı bu əməkdaşlığın hər iki tərəf üçün çox mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Öz növbəsində professor Oktay Kazımov çıxış edərək, Biofizika İnstitutunda təşkil edilən tədqiqatların mühüm əhəmiyyətindən və bu tədqiqatların universitetin tələbə və gənc tədqiqatçılarına elmi texniki dəstəyinin əhəmiyyətindən danışdı.

Görüşdə Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dosent İradə Xəlilova, Elektronika və telekommunikasiya departamentinin müdiri Dr. Nuru Səfərov, Bioloji elmlər departamentinin dosenti Cavid Ocaği, Kimya mühəndisliyi və tətbiqi kimya departamentinin koordinatoru Dr. Rəsul Muradi iştirak edirdilər.

Görüş zamanı hər iki tərəfi maraqlandıran müxtəlif məsələlər o cümlədən, laboratoriyada texniki cihazların yaranmasının tələbələrə əyani göstərilməsi, laboratoriyalarda mövcud cihazların iki qurumun tələbə və tədqiqatçıları arasında birgə mübadiləsi və istifadəsi, beynəlxalq layihələrin birgə yazılması və iştirak, elmi-pedaqoji və elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu.

Sonra qonaqlar Xəzər Universitetində yeni yaradılan müasir Nanotexnologiya və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzi laboratoriyalarında oldular və aparılan tədqiqat işləri ilə tanış oldular.

khazar.org