2018-ci il dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Milli Konservatoriyası və Xəzər Universitetinin iştirakı ilə konservatoriyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib. Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin hər il ali məktəb tələbələrinin ifasında konsert proqramı ilə anıldığını deyib.
Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu, professor Zülfiyyə Sadıqova) müşayiəti ilə keçən konsertdə əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları əməkdar artistlər Lalə Məmmədova, Akşin Abdullayev və digər müğənnilərin ifasında səslənib. Konsertdə şair Hamlet İsaxanlının sözlərinə Ceyhun Allahverdiyevin bəstələdiyi “Bir zamanlar…” mahnısını müğənni Orxan Cəlilov ilk dəfə ifa edib.
Tədbir AZƏRTAC başda olmaqla (https://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_xatiresi_konservatoriyada_konsert_proqrami_ile_anilib-1223353) ölkə mediası tərəfindən geniş işıqlandırılmışdır.