2018-ci il dekabrın 9-da “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi Xəzər Universitetinin “Neftçilər” kampusunda “Məsuliyyət” mövzusunda tədbirini həyata keçirdi.

Tədbirin aparıcısı Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova layihə iştirakçılarını və qonaqları salamladı, onlara universitet haqqında ətraflı məlumat verdi. Xəzər Universitetində təhsil alan “Gələcəyini Qur!” lahiyəsinin məzunları Azər Əliyev (4-cü kurs, kimya mühəndisliyi), Günel Ələsgərli (2-ci kurs, Elektronika, telekommunikasiya və radiomühəndislik) və Ziya Məmmədov (2-ci kurs, kömpüter mühəndisliyi) Xəzər Universitetində tələbəlik həyatlarından, onlara yaradılmış imkanlardan bəhs etdilər, layihə iştirakçılarına ali məktəblərə hazırlıq prosesində faydalı olacaq məsləhətlər verdilər.

Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Məsuliyyət” mövzusunda çıxışı ilə davam etdi. Çıxışdan sonra layihənin rəhbəri Bəhruz Hidayətzadə Professor Hamlet İsaxanlıya layihəyə göstərdiyi dəstək və əməkdaşlığa görə diplom təqdim etdi. Qeyd etmək lazımdır ki, cari tədris ilində də (keçən il olduğu kimi) Xəzər Universiteti layihənin iştirakçıları tərəfindən ən çox seçilən universitetlərdən biri oldu. Ali məktəblərə qəbul olmuş 202 nəfərdən 19-u hazırda Xəzər Universitetində müxtəlif ixtisaslarda təhsil alır.

Daha sonra gənclərin qarşısında təlimçi, bir çox müəssisələrdə İnsan resursları mütəxəssisi kimi çalışan Xəqani Səfərov təqdimat ilə çıxış etdi. Nahar fasiləsindən sonra tədbir 2 spikerin – Uğur Akademiyasının həmtəsisçisi Cavid İmamoğlu və EY-Azerbaijan şirkətində Təmiz texnologiyalar və dayanıqlı inkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəclinin çıxışları ilə davam etdi.

Artıq 5-ci ildir ki, fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində və fərdi sponsorların dəstəyi sayəsində həyata keçirilir. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dəstəklənir və Bakının beş rayonunu (Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai), Bakıdan kənarda isə beş regionu (Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax) əhatə edir. Layihənin əsas məqsədi gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

Layihə haqqında əlavə məlumat layihənin rəsmi veb-səhifəsindən əldə olunar bilər: www.geleceyiniqur.az.

khazar.org