2024-cü il  mayın 24-də  Xəzər Universitetində Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFI) açılış toplantısı və daha sonra simpozium iştirakçılarının şərəfinə “Ozan-aşıq” konserti təşkil edilib. Tədbirdə giriş sözünü Dos. Dilbər Zeynalova deyərək  sözü Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlıya verib. Hamlet İsaxanlı  institutun fəaliyyət  perspektivləri haqqında danışıb.  Sonra institut direktoru Prof.Ali Duymaz online qoşularaq yeni yaranmış instituta öz təbriklərini çatdırıb.Daha sonra İnstitutun koordinatoru Dos.Aynur Qəzənfərqızı və Bayram Durbilmez öz münasibətlərini bildiriblər. Tədbirin bədii hissəsində  Qazaxstandan akın Marat Sügirbay,  Özbəkistandan baxşı Ilhomjon Norov, Pakistandan damburacı Şahan, Gürcüstandan gəlmiş aşıq Kamandar Solexey, aşıq Əfqan Şamilov və universitetin müəllimi aşıq Ramin Qarayevin ifasında möhtəşəm konsert keçirilib. Sonda Xəzər Universitetinin rektoru İradə Xəlilovanın  və  Hamler İsaxanlının təqdimatında iştirakçılara sertifikatlar təqdim edilib.

Xatirladım ki,  2024-cü il  fevralın  19-da  Xəzər Universitetində “Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ)”nun təsis edilməsi haqda əmr imzalandı.İnstitut Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.Hamlet İsaxanlıya tabe olan sərbəst bir struktur bölməsi kimi fəaliyyət göstərir. Mərkəzin direktoru Prof. Ali Duymaz, koordinatoru  Dos. Aynur Qəzənfərqızı təyin edilib.

Prof. Ali Duymaz Türkiyə Balıkesir Universitetində Fen-Edebiyat Fakültesində Türk Dili və Ədəbiyyatı Bölümünün başqanıdır. Həmçinin UNESCO Türkiyə Təmsilçiliyində Komissiya Üzvüdür. Daha öncə Balıkesir Universitetində prorektor, dekan kimi vəzifələrdə çalışıb.  Türk folklorşünaslığında özəlliklə dastan gələnəyi, Türk mifologiyası, Türk xalqları folkloru sahələrində bir çox dəyərli mövzularda araşdırmaları var.

Dos. Aynur Qəzənfərqızı 2017-ci ildən Xəzər Universitetində saathesabı dərs deməyə başlayıb. 2019-cu ildən isə Dillər və ədəbiyyatlar departamentinin tam ştatlı  müəllimi kimi fəaliyyət göstərir. Daha öncə AMEA Folklor İnstitutunda və Bakı Avrasiya Universitetlərində işləyib. 2019-2021-ci illər Çinin Xbay Xarici Tədqiqatlar Universitetində (Hebei Foreign Studies University) Azərbaycan dili müəllimi kimi çalışıb. Qumuq folkloru, Türk mifologiyası və Tenqrizm sahələrində tədqiqatları var.

Mərkəzin ilkin tərkibi 28 nəfərdən ibarətdir və onun 14 nəfəri professor, 7 nəfəri dosent, 4 nəfəri PhD, 3 nəfəri ünvansızdır. Üzvlərimiz Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Rusiya (Dağıstan MR, Gorno Altaysk, Kırım, Tatarstan), Macarıstan, Moldova, İsveç, Gürcüstan və İraq kimi ölkələrin elm qurumlarında filoloji sahədə fəaliyyət göstərirlər.

 

khazar.org