[:az]Martın 13-də universitetin Neftçilər kampusunun konfrans salonunda Müasir dillər və müqayisəli ədəbiyyat departamentinin təşkilatçılığı ilə İspaniyaya həsr olunmuş “İspan günü” adlı tədbir keçirildi. Qonaqların da iştirak etdiyi tədbirin tamaşaçıları universitetin müəllim və tələbələri idi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak edirdi. Departamentin koordinatoru, ispan dili müəllimi Günel Məmmədova tədbiri açaraq, “İspan günü”nün Humanitar və sosial elmlər fakültəsinin politologiya və regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən hazırlandığını və İspaniya ilə tanışlıq məqsədi daşıdığını bildirdi.
Günel Məmmədovanın rəhbərliyi ilə hazırlanmış tədbirdə İspaniyanın paytaxtı Madrid, dünyada unikal şəhər hesab olunan Barselona, ərəb və ispan mədəniyyətinin möcüzəli vəhdətinin canlı nümunəsi olan Əndəlis, özünəməxsus bayramları ilə seçilən Valensiya və gözəl təbiəti ilə göz oxşayan Qalisiya şəhərləri tələbələr tərəfindən məharətlə təqdim edildi, şəhərlərin tarixi və görməli yerləri videoçarxlar vasitəsilə əyani şəkildə göstərildi. İspaniyanın ən məşhur muzeylərindən olan “El Museo del Prado” (Prado muzeyi) və müasir “El Museo de Reina Sofia” (Kraliça Sofiya muzeyi) muzeylərindən bəhs edilərək, Velaskes, Qoya, Pikasso və Dali kimi görkəmli rəssamların həyat və yaradıcılığından söz açıldı. Tələbələrin ifasında ispan rəqsi, İspaniya futbolu haqqında məlumat və videoçarx tamaşaçılarda böyük maraq doğurdu.
Tədbir başa çatandan sonra H. İsaxanlı çıxış edərək, departamentin təşəbbüsünü və tələbələrin fəaliyyətini yüksək qiymətləndirdi. Qonaqlar – Azərbaycan Dillər Universitetindən dəvət olunmuş Anxel Konde Munyoz, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının müəllimləri Mariya Simonova və Alla Ovçinnikova, Azərbaycan və Latın Amerikası Gənclər İctimai Birliyinin sədri Mahir Qurbanov, meksikalı Xose Xavyer Varela və salvadorlu Karlos Navaretti də çıxış edib, tədbir haqqında öz fikirlərini bildirdilər.
[:]