2023-cü il mayın 21-də keçirilən festivalın əsas məqsədi istedadlı şagirdləri üzə çıxarmaq, region məktəbləri arasında elm və təhsil sahəsində mübadilələr üçün şərait yaratmaq, dostluq əlaqələri qurmaq idi.
III mərhələdən ibarət festivalda 6-18 yaş arası şəxslərin iştirakı üçün hər cür imkanlar yaradıldı. Festival ümumilikdə 11 nominasiya – instrumental ifaçılıq, robototexnika, solo ifaçılıq, minifutbol, voleybol, karate-do, rəsm və rəngkarlıq, inşa, bədii qiraət və aktyorluq, şahmat və rəqs üzrə keçirildi.
Festivalın açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Xəzər Universiteti və Bakı “Dünya” Məktəbinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Yazıçılar Birliyi, Gəncə Gənclər Evi və digər təşkilatlardan nümayəndələr, millət vəkilləri, regionun tanınmış incəsənət adamları, məktəb direktorları, məktəblilər və valideynlər iştirak edirdilər.
Məktəblilərin nominasiyalara bölünərək keçdikləri parad, rəqslər, çıxışlar festivalın açılışında böyük təntənə yaratdı.
Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilirdi. İkinci mərhələ may ayının sonunda təşkil ediləcəkdir. İkinci mərhələdə fərqlənən iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Festivalın final mərhələsi isə iyun ayının ilk 10 günlüyündə “Qala gecəsi” formasında təşkil olunacaqdır. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.