2023-cü il martın 2-də Bakı Kitab Mərkəzində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının Qarabağa, tarix boyu onun ətrafında baş verən siyasi-ictimai hadisələrin mahiyyətinə, Azərbaycan və erməni xalqları arasında münasibətlər tarixinə həsr olunmuş “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının ədəbi-musiqili təqdimatı keçirildi. H.İsaxanlının yaradıcılıq fəaliyyətini əks etdirən kitabların sərgisi də təşkil olunmuşdu.

Tədbirdə H.İsaxanlının ailə üzvləri, Milli Məclisin deputatları, ölkənin elm, ədəbiyyat və incəsənət xadimləri, ziyalılar, media mənsubları iştirak edirdilər.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açaraq iştirakçıları salamladı, mühüm bir kitabın təqdimatının keçiriləcəyini bildirdi.

Təqdimat mərasiminin aparıcısı, “Dünya” məktəbinin əməkdaşı Afaq Qəmbərova ilk sözü musiqiyə verdi və Xalq artisti Nəzakət Teymurovanın ifasında muğam triosu və Xəzər Universitetinin Kamera orkestrinin müşayiəti ilə möhtəşəm “Qarabağ şikəstəsi” səsləndi.

Qeyd edək ki, tədbirin musiqi proqramını Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestri icra edirdi.

Tədbirdə ilk çıxış edən Xalq yazıçısı, AYB sədri Anar Qarabağa aid həm keçmiş, həm də indiki zamanda çoxlu kitablar yazıldığını bildirərək, bu fonda “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, “Bu kitabda Qarabağa müxtəlif yöndən baxışlar var. Həmçinin, Qarabağdan çıxan maarifçilər barədə də ətraflı məlumatlara rast gəlmək mümkündür. Kitabı oxuyanda fikirləşdim ki, həmin maarifçilərin yolunu davam etdirənlərdən biri Hamlet İsaxanlıdır. O maarifçi işığı məşəl kimi bu günlərə gətirənlərdən biridir. Xəzər Universitetinin yaranması dediklərimin sübutudur”. Anar H. İsaxanlıya Yazıçılar Birliyinin Fəxri Fərmanını təqdim etdi.

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bildirdi ki, “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabında yeni araşdırma materialları mövcuddur. Qarabağ bizim ən şərəfli, məsuliyyətli mövzumuzdur. Kitabda azərbaycanlı olmayan müəlliflərin əsərlərindən, həm də ümumiyyətlə Qarabağın tarixinə aid olan mənbələrdən gətirilmiş sitatlar, faktlar ilk dəfə Azərbaycan Qarabağnaməsinin dövriyyəsinə daxil olur. Bu kitab təkcə elmi -publisistik əsər deyil, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında sənədli bədii nəsrin mükəmməl nümunəsidir.” İ. Həbibbəyli H. İsaxanlıya AMEA-nın təşəkkürnaməsini təqdim etdi.

Digər çıxış edənlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputatı Tural Gəncəliyev, tarixçi alimlər Solmaz Tohidi və Ülkər Hüseynova, əməkdar jurnalist Mətanət Ağamirli, yazıçı-jurnalistlər Azər Qismət və Nicat Həşimzadə “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının müxtəlif maraqlı və orijinal cəhətlərindən danışdılar.

Çıxış edənlər H.İsaxanlını yubileyi münasibətilə təbrik etdilər, çoxşaxəli fəaliyyətində ona uğurlar arzuladılar.

Sonda H. İsaxanlı çıxış edərək, kitabın ideyasının yaranması və yazılması prosesindən danışdı.

Tədbir boyu Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın, Kamera orkestrinin ifasında musiqi nömrələri səsləndi. 

Musiqi ilə başlanan tədbir musiqi ilə də – sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Gözəldir” mahnısının Əməkdar artist İlahə Əfəndiyeva tərəfindən ifası ilə sona çatdı. 

Ölkənin bir sıra saytları tədbir haqqında xəbər yayımlamışlar:

https://news365.az/2023/03/03/hamlet-isaxanlinin-m%C9%99nim-qarabagim-v%C9%99-ya-qarabag-duyunu-kitabi-t%C9%99qdim-olundu-foto/ 

https://publika.az/news/art/439419.html 

https://sia.az/az/news/literature/1039290.html 

https://publika.az/news/art/439419.html 

https://www.baki-xeber.com/sosial/163179.html 

https://ednews.net/az/news/culture/579333-hamlet-isaxanlinin-kitab-teqdimati-oldu və s.

khazar.org