2022-ci il dekabrın 5-də Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universiteti və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə “Torpaq elmi: dünəni, bu günü və sabahı” adlı beynəlxalq elmi konfrans keçirilib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı giriş sözü ilə konfransı açaraq, dünyada torpaqşünaslıq elminin bu gün həyatda mühüm rolundan danışdı, konfrans iştirakçılarını “5 dekabr Dünya Torpaq Günü” münasibətilə təbrik edib.

Konfransın plenar iclasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda torpaq elminin dünəni, bu günü, sabahı” adlı məruzəsində torpaqların bu günkü vəziyyəti, rast gəlinən problemlər və onların aradan qaldırılması yollarından söz açdı. Ə.Quliyev Azərbaycanda torpaq və su ehtiyatlarından istifadə vaxtı nöqsanlar və onların aradan qaldırılması yolları haqda geniş məlumat verdi.

Konfransda AMEA-nın müxbir üzvü Amin İsmayılov “Azərbaycanın milli torpaq təsnifatı və rəqəmsal torpaq xəritəçiliyinin inkişaf trendi: problemlər və perspektivlər” və a.e.d Mustafa Mustafayev “Kür-Araz ovalığında suvarılan torpaqların müasir meliorativ vəziyyəti”, a.e.ü.f.d Könül Qafarbəyli “Zaqatala rayonunun ekoloji vəziyyətinin tədqiqi və xəritəşdirilməsi” mövzularında məruzələrlə çıxış etdilər. Plenar iclasda, həmçinin,Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, c.ü.f.d Rövşən Abbasovun da çıxışı oldu.

Beynəlxalq elmi konfransın ilk günü “Torpaqların uzaq məsafədən tədqiqi, genezisi, xəritəşdirilməsi və məhsuldarlığın yüksəldilməsi” və “Torpaqların deqredasiyası, aqrokimyası, biologiyası və ekologiyası” adlı iki seksiyada yerli və xarici alimlərin məruzələri ilə başa çatıb.

Konfrans bu gün – dekabrın 6-da Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işini davam etdirir.

khazar.org