Koreyada nəşr edilən Beynəlxalq dil və ədəbiyyat dərgisinin 52-ci sayında “Azərbaycan ədəbiyyatında Qarabağa səyahət” adlı xüsusi buraxılışa geniş yer verilmişdir. Bu, Azərbaycan ədəbiyyatının Koreyada təbliği istiqamətində atılan ilk addımdır və Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Şuşa ili münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun (icraçı direktor Əkrəm Abdullayev) Koreya Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası (prezident Qanq Sonq Qın) ilə birgə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur. Layihənin rəhbəri Zeynəb Sabirli, ideya müəllifi və məqalələrin Koreya dilinə tərcüməçisi Leyla Məsimlidir.

Xüsusi buraxılışa beş məqalə daxil edilmişdir ki, onlardan üçünün müəllifi Xəzər Universitetinin əməkdaşlarıdır.

Xəzər Universitetinin təsisşisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının “Qarabağ və Azərbaycan ədəbiyyatında ermənilər” adlı məqaləsində folklor və 19-20-ci əsr Azərbaycan ədəbiyyatı tədqiqata cəlb olunmuşdur. Qeyd edilir ki, klassik Azərbaycan ədəbiyyatı və folklorunda digər xalqlara, o cümlədən ermənilərə qarşı heç bir aşağılayıcı fikirlərə rast gəlinmir, əksinə, onlarla qonşuluq, gediş-gəliş, dostluq, əməkdaşlıq təbliğ olunur.

Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın “Nəsrdə Qarabağ diskursu” adlı məqaləsində Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri tədqiq olunur və onun Azərbaycan nəsrinə yeni poetik-publisistik intonasiya gətirdiyi, sənədli nəsrin inkişafına təkan verdiyi vurğulanır.

Dillər və ədəbiyyatlar Departamentinin müəllimi Aynur Qəzənfərqızının “Folklorun ədəbiyyatın və fəlsəfi fikrin yaranmasına təsiri – Qarabağdan toplanmış mətnlər əsasında” adlı məqaləsində folklor mətnlərinin qarabağlı müəlliflərin – N.Vəzirov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli kimi yazarlarən əsərlərinə təsiri araşdırılır.

Xususi buraxılış Azərbaycan ədəbiyyatının Koreyada tanınması və öyrənilməsi baxımından əhəmiyyətlidir.

khazar.org