Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın Cənubi Koreyada nəşr edilən Beynəlxalq Dil və Ədəbiyyat dərgisinin 52-ci buraxılışında Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri haqqında araşdırma məqaləsi çap olunmuşdur.

Məqalədə sənədli nəsrin bədii ədəbiyyatın bir növü kimi cəmiyyətin ictimai-siyasi həyatında baş verən tarixi prosesləri, mövcud problemləri real faktlara əsaslanaraq təcəssüm etdiyi qeyd olunur. H.İsaxanlının əsərində sənədli nəsrin yazı texnikasından – özünəistinad mexanizmlərindən istifadə edildiyi, hər hansı tarixi hadisəni xatırlayarkən, onu müəyyən bir semantik kontekstdə yerləşdirdiyi konkret nümunələr əsasında göstərilir. Məqalədə “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərinin Azərbaycan nəsrinə yeni poetik-publisistik intonasiya gətirdiyi, sənədli nəsrin inkişafına təkan verdiyi vurğulanır.

Qeyd edək ki, sözügedən dərginin 52-ci buraxılışı “Azərbaycan ədəbiyyatında Qarabağ mövzu”suna həsr olunmuşdur. Layihə “Şuşa İli” çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun Koreya Respublikasının mühüm elmi araşdırmalar mərkəzlərindən biri olan Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası ilə birgə əməkdaşlığı sayəsində baş tutmuşdur.

khazar.org