2022-ci il sentyabrın 26-da Erasmus+ Azərbaycan Milli Ofisi ilə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları arasında “Erasmus+” proqramı barədə görüş keçirilib.

Görüşdə Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov Erasmus+ layihələri haqqında təqdimat edib. O, Erasmus layihələrinə müraciətin yeni qaydaları, proqramın əsas istiqamətləri, yerli və xarici universitetlərin layihədə iştirakı, yeni layihələr və perspektivlər barədə ətraflı məlumat verib.

Avropa İttifaqının (Aİ) ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsində Erasmus+ proqramının və Aİ-nin dəstəklədiyi digər təhsil proqramlarının imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyindən danışan P. Bağırov qeyd edib ki, Azərbaycan universitetləri, xüsusilə Xəzər Universiteti, bu istiqamətdə mühüm məsuliyyət daşıyır.

Pərviz Bağırov Avropa Komissiyasının layihələrin idarə edilməsi siyasətində yeni dəyişiklikləri də vurğulayaraq, daha yaxşı nəticələr əldə etmək üçün həyata keçiriləcək yeni layihələrin bu dəyişikliklərə uyğun olmasının zərurətindən danışdı.

Bağırov onu da qeyd edib ki, Aİ ilə daha çox birgə və davamlı layihələrin müəyyən edilməsi üçün düzgün perspektivlərin seçilməsi vacibdir.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilova tərəfindən P. Bağırova universiteti maraqlandıran suallar verilmiş və akademik heyətlə yeni perspektivlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Tərəflər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı üzrə “Məlumat Günü”nün keçirilməsinə dair razılıq əldə ediblər.

khazar.org