2022-ci il iyunun 24-də Xəzər Universitetinin Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində universitetin Musiqi və incəsənət departamentinin birinci kurs tələbələrinin imtahan – yekun konserti keçirildi. Tədbirdə tələbələr və valideynlər iştirak edirdilər. Universitetin müəllimi olmuş rəqqasə, Xalq artisti Cəmilə Bayramova tədbirin qonağı idi.

Tədbir musiqisi Ramiz Mustafayev və Vasif Adıgözəlovun, sözləri Hamlet İsaxanlının olan “Xəzər Universitetinin himni” ilə açıldı. Himni birinci kurs tələbələrindən ibarət xor kollektivi (rəhbər və dirijor universitetin müəllimi Məhsəti Cabbarova) ifa etdi.

Qızlardan ibarət rəqs qrupunun ifasında “Zəfər rəqsi”, “Türkmən rəqsi” və “Zaqatala rəqsi”, solist və quruluşçu Nəzrin İsmayılzadənin ifasında “Hind rəqsi”, universitetin məzunları Leyla Əliyeva,

Səidə Ocaqverdiyeva və Səyyad Cəlilovanın ifasında “Qavalla rəqs”, Linay Seyidəlizadə və Xanım Adışirinlinin ifasında Şərq və Türk rəqsləri təqdim olundu. Oğlanlardan ibarət rəqs qrupu (müəllim əməkdar artist Telman Əliyev) “Qazaxı” rəqsini ifa etdi.

Xor kollektivinin ifasında Azərbaycan, italyan və ingilis bəstəkarlarının əsərləri səsləndi. Solistlər – İqtisadiyyat və menecment fakültəsinin birinci kurs tələbəsi Camal Fazilov Tofiq Quliyevin “Bakı” (sözləri Zeynal Cabbarzadənin), Andrey Babayevin “Nazəndə sevgilim” (sözləri İslam Səfərlinin), Humantar, təhsil və sosial elmlər fakültəsinin birinci kurs tələbəsi Rəvan Şahmarlı Tofiq Quliyevin “Sənə də qalmaz” və “Qızıl üzük” (sözləri Rəsul Rzanın) mahnılarını ifa etdilər. Konsert rəqs ansamblının (solist, quruluşçu və müəllim Səbinə İsmayılova) ifasında “Vətən rəqsi” ilə tamamlandı.

Proqramın sonunda ifaçılar, solistlət və müəllimlər tamaşaçıların alqışları ilə səhnəyə dəvət olundular. Univesitetin Musiqi və incəsənət departamentinin müdiri, tədbirin təşkilatçısı və rəhbəri, əməkdar müəllim Zülfiyyə Sadıqova səhnəyə çıxaraq, iştirakçılara təşəkkürünü bildirdi, onları universitetin doktorantı Fariba Farhanginin rəsm sərgisinə dəvət etdi və sərgiyə baxış oldu.

khazar.org