2021-ci il noyabrın 30-da Xəzər Universitetinin Asiya-Sakit okean və Afrika Araşdırmaları İnstitutu (ASAAİ) “Asiya-Sakit okeanın bilinməyən tərəfi” mövzusunda beynəlxalq tədbir təşkil etmişdir. Tədbirə Sakit Okean Alyansı üzvlərinin Azərbaycanda fəaliyyət göstərən üç nümayəndəsi – Meksika Birləşmiş Ştatlarınının səfiri Rodrigo Labardini, Kolumbiya Respublikasının səfiri Luis Antonio Dimaté və Çili Respublikasının müvəqqəti işlər vəkili Fidel Koloma dəvət olunmuşdular.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı tədbiri açaraq, ASAAİ-nin – bu yeni tədqiqat və araşdırma sahəsinin əhəmiyyətini vurğuladı, qeyd etdi ki, institut yeni tərəfdaşlarla səmərəli əlaqələrin qurulması və inkişafna kömək edəcək. H. İsaxanlı, həmçinin, ASAAİ-nin Xəzər Universitetinin gələcək illərdə inkişafı üçün də əhəmiyyətini nəzərə çatdırdı.

Panel müzakirəsinə başlamazdan əvvəl tədbirin moderatoru, Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora Sakit Okean Alyansının və onun üzvlərinin bütün Asiya-Sakit okean regionu və onun hüdudlarından kənarda xüsusi rolunu qeyd edərək, mövzu haqqında qısa məlumat verdi.

Səfir Rodrigo Labardini, səfir Luis Antonio Dimaté və Müvəqqəti işlər vəkili Fidel Koloma panel məruzəçiləri kimi Sakit Okean Alyansının geostrateji əhəmiyyəti, eləcə də ticarət blokunun Azərbaycanla mövcud və perspektiv əməkdaşlığı haqqında danışdılar, məsələnin hərtərəfli şəkildə struktur və təşkilati cəhətdən fərqləndirici xüsusiyyətlərinə toxundular, onun həm Latın Amerikası, həm də Sakit okean regionu üçün unikallığını vurğuladılar.

ASAAİ-nin kollokvium formatında təşkil olunan tədbirində Milli Məclis, Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri də daxil olmaqla xarici ölkələrlə əməkdaşlıq sahəsində çalışan 50-dən çox şəxs iştirak edirdi.

khazar.org