2021-ci il oktyabrın 1-də ADA Universiteti milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib.

Tədbirdə Universitet “Bir müəllimin manifesti” ixtisasartırma proqramına hazırlıqların tamamlandığını və bu gündən etibarən Proqramın öz fəaliyyətinə başladığını elan edib.

Rektorların, Proqrama seçilən və regionları təmsil edən 40 iştirakçının, bölgələrdəki orta məktəb müəllimləri və direktorlarının iştirakı ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd çıxış ediblər.

Mərasim çərçivəsində ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb.

Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.

Sonra “ADA Məclisi Qazaxda” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış ediblər.

Rektor Hafiz Paşayev növbəti ilin sentyabr ayından etibarən Qazax Müəllimlər Seminariyasında dərslərin başlayacağını bildirib.

Seminariya binasının önündə başlayan tədbir Bakı Dövlət Universitetinin Qazax filialında yekunlaşıb.

Burada “Bir müəllimin manifesti” proqramının iştirakçılarının təlim keçməsi üçün nəzərdə tutulan və yeni təmir edilmiş sinif otaqları ilə tanışlıq olub.

Sözügedən birillik təhsil Proqramının əyani formatı Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq.

ADA Universiteti bu il “Bir müəllimin manifesti” təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təhsil missiyasını davam etdirəcəyini elan edib. Artıq memarlıq-tikinti işlərinə başlanılıb.

Qafqazinfo.az və digər saytlar tədbir haqqında xəbər yayımlamışlar.

https://qafqazinfo.az/news/detail/ada-universiteti-yeni-tehsil-proqramina-baslayib-fotolar-338108 

khazar.org