2021-ci il aprelin 27-də Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee Xəzər Universitetində olmuş, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova və departament müdirləri ilə görüşdü.
Səfir görüşün əvvəlində Pakistan İslam Respublikasının Azərbaycana daim, həmçinin Vətən müharibəsi dövründə hərtərəfli dəstək göstərdiyini qeyd etdi. Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etdi və gözəl şəhər Şuşaya səfər etmək niyyətini bildirdi. Sonra səfir pakistanlı tələbələrin Azərbaycanda təhsil almağa maraq göstərdiyini və Xəzər Universitetinin ölkənin aparıcı universitetlərindən biri kimi rolunu vurğuladı, Pakistandan gələn tələbələrin təhsili üçün yaradılan şəraitə görə minnətdarlığını bildidi.
Görüş zamanı tərəflər Xəzər Universitetinin magistr dərəcəsi üzrə neft mühəndisliyi ixtisasında təhsil alan pakistanlı tələbə İmtiaz Əhməd`in akademik fəaliyyətindəki fəallığı və Xəzər Universiteti ilə Pakistan səfirliyi arasında görüşün təşkil olunmasında vacib rolunu alqışladılar. Tərəflər Xəzər Universiteti ilə Pakistan universitetləri arasında elm və mühəndislik, humanitar elmlər və iqtisadi tədqiqatlar sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə etdilər. Xəzər Universitetinin Pakistan universitetləri ilə tələbə mobilliyi, akademik mübadilə, birgə araşdırma və nəşrlər, qarşılıqlı maraq doğuran mövzularda konfrans və seminarlar sahəsindəki əməkdaşlıq imkanlarını nəzərdən keçirdilər.
Xəzər Universitetinin rektoru İradə Xəlilova mövcud təqaüd proqramları və Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurası tərəfindən istedadlı qız və qadınların ali məktəbə daxil olmaları üçün yeni yaradılan Nailəxanim Təqaüd Proqramı haqqında məlumat verdi. Azərbaycanda Pakistan Tələbələr Birliyinin yaradılmasında universitet tərəfindən edilən dəstəyi nəzərə çatdırdı.
Professor Hamlet İsaxanlı bu təqaüd üçün pakistanlı tələbələri və Xəzər Universitetində dərs keçmələri üçün pakistanlı alimləri dəvət etdi. Səfir bütün təqaüd imkanlarına və pakistanlı alimlərin dəvəti edilməsinə görə minnətdarlığını bildirdi, Xəzər Universitetinin Pakistanın universitetləri və tədqiqat mərkəzləri ilə uğurlu və səmərəli bir əməkdaşlıq qurması üçün hərtərəfli dəstəyini əsirgəməyəcəyini vurğuladı. Bundan əlavə, səfir olkəsinin Ali Təhsil Komissiyasından təklif olunan təqaüdlər üçün istedadlı tələbələrin seçilməsini tövsiyə edəcəyini bildirdi.