2021-ci il mayın 27-də Xəzər Universiteti “Dünya” məktəbində məktəbin qurucusu və uzun illər rəhbəri olmuş Nailəxanım İsayevanın Anım günü keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının şeirləri və bu şeirlərə Nailəxanım İsayevanın bəstələdiyi mahnılardan ibarət kompozisiyalarla təşkil olunmuş “İnsan əqidə ilə yaşamalıdır” adlı tədbirdə bu tanınmış pedaqoqun doğulduğu, gənclik illərinin bir hissəsini keçirdiyi Quba rayonu, oxuduğu məktəb və yaşadığı evdən bəhs edən “Qubalı qız” süjeti nümayiş etdirildi.
Sonra tədbir iştirakçıları məktəbin keçmiş və indiki məzunlarının Nailəxanım İsayeva haqqında xatirələrindən ibarət videolara baxdılar.
Anım günündə respublikanın Xalq artistləri Gülyanaq Məmmədova və İlqar Muradov çıxış edərək, sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Səni sevdim çox sadəcə” və “Nə yaxşı ki” mahnılarını ifa etdilər. Tanqo musiqisi sədaları altında Hamlet İsaxanlının “İkimizdən birimiz” şeiri səsləndirildi və bu musiqi ilə tanqo rəqsi nümayiş etdirildi.
Tanınmış aktyor Kamran Yunis Hamlet İsaxanlının şeirlərini səhnədə “Dünya” məktəbinin əməkdaşları ilə birgə oxudu.
Anım günü münasibətilə məktəbin şagirdlərinin əl işlərindən ibarət gül-çiçək sərgisi nümayiş etdirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, rüspublikamızın elm və sənət adamları, Xəzər Universiteti və “Dünya” Məktəbinin əməkdaşları iştirak edirdilər.