2021-ci il yanvarın 21-də Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda onlayn formatda müzakirə keçirildi.

Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən müzakirədə nazirlik  yanında  İctimai şuranın üzvləri, eləcə də nazirliyin bir sıra əməkdaşları, ölkənin 35 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri iştirak etmiş və müzakirəyə qatılıblar.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı müzakirədə çıxış edərək çağdaş universitetin hər şeydən əvvəl öz kimliyini dəqiqləşdirməsinin vacibliyindən söhbət açdı. Yəni, birinci olaraq tədris, sonra elmi araşdırma, ya birinci olaraq elmi araşdırma? Əsasən məlum bilikləri paylama, ya çətin və çox maliyyə tələb edən yeni bilik istehsal etmə?

Professor Hamlet İsaxanlı qeyd etdi ki, kimliyin digər tərkib hissəsi universitetin özündə hansı ixtisasları cəmləşdirməsi məsələsidir. Sahələrin müəyyən edilməsi ilə yanaşı, onların təftiş edilməsi, yəni, köhnələnlərin ləğvi və yenilərin açılması zəruridir.

Professor ali təhsil müəssisəsi üçün vacib olan bir mühüm cəhəti də vurğulayaraq bildirdi ki, universitet bir tərəfdən dünya universiteti olmalı, yəni, dünyadakı inkişaf meyillərini özündə əks etdirməli, digər tərəfdən isə üzvü olduğu icmanın (ölkənin, bölgənin) tələblərinə biganə qalmamalıdır.

Professor çağdaş universitetin rəqəmsal (digital) dünya ilə ayaqlaşmasının vacibliyini və üz-üzə təhsillə məsafədən təhsili birlikdə inkişaf etdirən hibrid modelinin zəruriliyini qeyd etdi.O, daha bir məsələyə – universitetlərin əsasən  tələbə sayını artırmaq istədiklərini, səviyyəli alim və müəllim tapmaq və yetişdirmək məsələsinə az fikir verdiklərinə diqqət yetirdi. Vurğuladı ki. tələbə sayı və tərkibi səviyyəli alim-müəllim sayına mütənasib olmalıdır.

Professor Hamlet İsaxanlı sonda universitetlərin muxtariyyəti məsələsinə toxundu; qeyd etdi ki, hökumət yalnız sifariş etdiyi, təqaüd verdiyi qəbul planını təsdiq etməlidir (məsələn, kompüter mühəndisliyi üzrə X universitetinə X sayda tələbə), dövlət təqaüd planından kənarda qalan tələbələrin bütün qəbul məsələləri barədə universitet qərar verməlidir. Bu sonuncu fikir yeni ixtisasların açılmasına da aiddir.

Ölkənin bir sıra saytları tədbir haqqında məlumat yaymışlar:

https://tehsilxeber.com/umumi-xeberler/623-xx-esrin-universiteti-nece-olacaq-muzakireye-35-rektor-qoshulacaq.html

https://ikisahil.az/post/xxi-esrin-universitet-modeli-movzusunda-onlayn-muzakire

https://muallim.edu.az/news.php?id=14312 və s.

khazar.org