2020-ci il iyunun 30-da Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə UniLab layihəsi (610245-EPP-1-2019-1-BE-EPPKA2-CBHE-JP) çərçivəsində “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual beynəlxalq konfransı keçirilmişdir.
Zoom proqramı vasitəsilə təşkil olunmuş virtual konfrans açılış hissədən və iki plenar sessiyadan ibarət olmuşdur. Tədbiri Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq universitetlər və kompaniyaların əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulamış və konfransın işinə uğurlar arzulamışdır.
Konfransın açılış bölməsində həmçinin Xəzər Universitetinin rektoru, dos. İradə Xəlilova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, prof. Rafiq Camalov, Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, Azərbaycan Respublikası Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi Şöbəsinin müdirinin müavini Vüsal Musayev iştirak etmişdir. Konfransa Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva moderatorluq etmişdir.
Plenar bölməni açan UniLab layihəsinin koordinatoru, Avropa Universitetlərinin Davamlı Təhsil Şəbəkəsinin (EUCEN) icraedici direktoru Carme Royo konfrans iştirakçılarına layihənin məqsədi və gözlənilən nəticələri haqqında qısa məlumat vermişdir. Konfransda həmçinin Valencia Politexnik Universitetindən (İspaniya), Middlesex Universitetindən (İngiltərə), kompaniyalardan olmaqla virtual konfransda müxtəlif ölkələrdən və Azərbaycandan spikerlər (dinləyicilər) iştirak etmişdir. Konfransa SOCAR, Azərişıq ASC, KPMG, Azərgold, Data SoCool. Bakı Abadlıq MMC, VTB bank, Xəzər Universiteti eiLink Tədqiqat və İnkişaf Mərkəzindən, “Turan Drilling &Engineering” şirkətindən spikerlər qatılmışdır.
Konfransın universitetlərdən və kompaniyalardan olan məruzəçiləri universitetlər və kompaniyalar arasında müxtəlif əməkdaşlıqlar barədə ətraflı məlumat vermişlər. Spikerlər, məzunların sənayeyə girmələrində qarşılaşdıqları çətinliklər və universitet-sənaye əlaqələrinin tələbələrə bu maneələri aradan qaldırmaqda necə kömək edə biləcəyinə də toxunmuşlar.
Qeyd edək ki, Xəzər Universitetinin tərəfdaşı olduğu UniLab layihəsində Pompeu Fabra Universiteti (İspaniya), Lille Universiteti (Fransa), Krems Universiteti (Avstriya), Qomel Dövlət Universiteti, Mogilyov Dövlət Universiteti (Belarus), Orenburq Dövlət Universiteti, Sibir Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Almeteyvsk Neft Universitetinin (Rusiya) nümayəndələri iştirak edirlər.