2019-cu il iyunun 20-də Xəzər Universitetinin Mərmər salonunda Musiqi və incəsənət departamenti Humanitar, təhsil və sosial elmlər, Təbiət və mühəndislik elmləri və İqtisadiyyat və menecment fakültələri birincu kurs tələbələrinin xor, vokal, dekorativ-tətbiqi sənət və təsviri sənət fənləri üzrə yekun imtahanını keçirdi. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr iştirak edirdilər.

Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim,Zülfiyyə Sadıqova və Xəzər Universitetinin müəllimi, xalçaçı rəssam Afaq Kərimova çıxış edərək, tələbələrin semestr ərzində öyrəndikləri fənləri necə mənimsəmələrindən, yaradıcılıq işlərindən danışdılar. Sonra Zülfiyyə Sadıqovanın pianoda müşayiəti ilə tələbələrin yaradıcılıq konserti başlandı. Onlar xor, vokal və instrumental (fortepiano, tar, skripka və zərb aləti) bacarıqlarını nümayiş etdirdilər.

Daha sonra tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tələbələr iştirakçılara əl işləri haqqında məlumat verdilər, onların suallarını cavablandırdılar.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı hər tələbənin ayrılıqda işləri ilə tanış olaraq, tövsiyələrini bildirdi. Professor, həmçinin, tələbələrin musiqi yaradıcılığına da münasibət bildirərək, mülahizələrini söylədi.

Ümumilikdə, tələbələrin yaradıcılıq işləri müsbət qiymətləndirildi.

khazar.org